Ramil Quliyev çempion - Avropa ABŞ-ı məğlub etdi

Ramil Quliyev çempion - Avropa ABŞ-ı məğlub etdi
Atletika, Digər
11 Sentyabr 2019 - 02:14
Supersport.Az-ın məlumatına görə, Belarus paytaxtı Minskdə keçirilən yarışda Avropa seçmə komandası ABŞ-ı məğlub edib.

Qitə atletlərinin yığması rəqibini 123 xal üstələyib. Avropa Amerikaya 724,50-601,50 hesabıyla qalib gəlib.

Yarışda 300 atlet 30-dan çox idman növü üzrə mübarizə aparıb.

Türkiyəni təmsil edən həmvətənimiz Ramil Quliyevlə millimizin aparıcı atleti Nazim Babayev Avropa seçmə komandasının heyətində ABŞ-a qarşı yarışıb.

Mübarizənin tanıtım elçisi olan Ramil Quliyevlə 200 metrə mücadilədə qitəni Riçard Kilti (Böyük Britaniya), Markus Lavler (İrlandiya) ve Eseosa Desalu (İtaliya) təmsil edib.

Dünya və Avropa çempionu Ramil yarışda birinci yeri tutub. 29 yaşlı atlet 200 metr məsafəyə qaçışda 20.16 saniyə göstəriciylə finişə ən tez çatıb. Bununla o, komandasına 9 xal qazandırıb.

İtaliyalı Desalu (20.66 san) 2-ci, amerikalı Kiri Kinq (20.83 san) 3-cü yeri tutub.
Avropa - ABŞ mübarizəsində birincilərə 7 min, səkkizincilərin hər birinə isə 500 avro mükafat verilib.

Qış Avropa çempionatının, Yay Universiadasının ikiqat qalibi Nazım Babayev üçtəkanla tullanma yarışında Necati Er (Türkiyə), Benjamin Uilyams (Britaniya) və Jan-Mark Pontviann (Fransa) ilə Avropa forması geyib.

N.Babayev 16,27 metr məsafəyə tullanaraq yarışda 7-ci yerlə kifayətlənib. Bu turnirdə birinci pillədə ABŞ idmançısı Kris Benard qərarlaşıb.

 

Digər xəbərlər