"Sevilya" - 266 milyon, "Apoel" - 23 milyon, "Qarabağ" - 16 milyon avro...

"Sevilya" - 266 milyon, "Apoel" - 23 milyon, "Qarabağ" - 16 milyon avro...
Futbol
01 Sentyabr 2019 - 15:42
Avropa Liqasında 48 klub sentyabrdan başlayaraq qrup mərhələsində mübarizəyə başlayacaq. 

Azərbaycanın qitə yarışlarında altı ildir ki, üzünü ağardan "Qarabağ" "A" qrupunda Avroliqanın rekordçusu, beşqat qalibi "Sevilya", "Apoel" və "Düdelanj"la gücünü sınayacaq.   

Supersport.Az bu qrupda mübarizə aparacaq komandaların büdcəsi, ən qiymətli futbolçularıyla bağlı məlumatlara yer vermək qərarına gəlib.

Qrupda ilk iki yeri tutan komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. 

Şübhəsiz ki, Avropa Liqasının beşqat qalibi "Sevilya" "A" qrupunun favoritidir. İspaniya klubunun büdcəsi 266 milyon avro təşkil edir. 



"Transfermarkt"ın məlumatına əsasən, "Sevilya"nın portuqaliyalı yeni transferi Markuş Paulu Meskita Avroliqanın ən bahalı futbolçularından hesab olunur. "Roni"nin qiyməti 25 milyon avrodur. "Sevilya" bu mövsüm 12 yeni futbolçu alıb. 

"Apoel" klubu büdcə baxımından qrupda ikincidir - 23 milyon 330 min avro. Serbiyalı mərkəz müdafiəçisi Vuyadin Saviç 3 milyon avroyla Kipr təmsilçisinin ən dəyərli futbolçusudur. İordaniyalı hücumçu Musa Əl-Tamari 2 milyonla ikincidir. 

"Apoel"in büdcəsi "Qarabağ"dan 7 milyon avro çoxdur. Azərbaycanın yeddiqat çempionunun ümumi maliyyəsi 16 milyon 50 min avrodur. 

"Qarabağ"da ən qiymətli futbolçular Riçard Almeyda (1 milyon 600 min avro), Filip Ozobiç (1 milyon 500 min avro), Maksim Medvedev (1 milyon 300 min avro) və Abdullah Zubirin (1 milyon 300 min avro) olduğu göstərilib.

"Düdelanj" 4 milyon 30 min avroyla qrupda sonuncudur. Lüksemburq çempionunun belçikalı yarımmüdafiəçisi Çarlz Morren 300 min avroyla klubunun ən qiymətli futbolçusudur. 

 

Digər xəbərlər