Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Apoel”in qonağı olacaq “Qarabağ” oyuna ciddi hazırlaşır.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, son 5 il komandasını qrup mərhələsinə daşıyan təcrübəli mütəxəssis Qurban Qurbanov futbolçuların qarşılaşmaya maksimum səviyyədə köklənməsi üçün qadağa qoyub. Medianın ilk oyuna kimi komandanın məşqlərindən çəkiliş aparmasına, həmçinin oyunçulardan açıqlama almasına icazə verilmir.
“Qarabağ”ın avqustun 6-da Nikosiyada “Apoel”ə qarşı keçirəcəyi qarşılaşmanın start fiti Bakı vaxtilə 21:00-da səslənəcək.
İlk iki mərhələnin matçlarını “Dalğa Arena”da keçirən Azərbaycanın yeddiqat çempionu ayın 13-də Kipr klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Cavab oyunu 20:30-da başlanacaq.
Xatırladaq ki, “Qarabağ” son 5 ildə bir dəfə Çempionlar Liqasının, dörd dəfə isə Avroliqanın qrup mərhələsində mübarizə aparıb.