Eksklüziv: "Qəbələ"də kritik böhran: büdcə 5 dəfə azaldı

Eksklüziv: "Qəbələ"də kritik böhran: büdcə 5 dəfə azaldı
Futbol, Eksklüziv
03 İyun 2019 - 09:49
Supersport.Az-a "Qəbələ" klubuyla bağlı daha bir xəbər verilib.

Məlumatlı mənbə bildirib ki, himayəsiz qalan komandada maddi böhran kritik həddə çatıb.

Bir müddət əvvəl klub rəhbərliyindən Tale Heydərovun müəmmalı istefasından sonra Qəbələ təmsilçisi dəstəksiz qaldığı üçün maliyyə vəziyyəti daha da kəskinləşib.

Supersport.Az-a klubun büdcəsinin 5 dəfə azaldıldığı haqda məlumat daxil olub. "Qəbələ"nin ötən mövsüm illik vəsaiti 7 milyon 748 min manat təşkil edib. Yeni sezon üçün klubun büdcəsinin 5 dəfə azaldılaraq 1.5-1.6 milyon manata düşəcəyi gözlənilir.

Maddi böhranla üzləşən komanda aparıcı futbolçularının əksəriyyətini, legionerlərin hamısını yola salmağı planlaşdırıb. Bölgə təmsilçisi bəzi kadrlarla da vidalaşmağa qərar verib.

Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qəbələ" əsasən əvəzedici heyətə üstünlük vermək istəyindədir. Futbolçuların aylıq maaşı 1000-1500 manat təşkil edəcək. Heyəti zəifləyən Qəbələ təmsilçisi qitə turnirində fiaskoya uğrayacaq.

Xatırladaq ki, Supersport.Az bir ay əvvəl "Qəbələ"nin gələcəyinin sual altında olduğunu, kadrların, futbolçuların əksəriyyəti ilə yolların ayrılacağı haqda məlumat yaymışdı.

 

Digər xəbərlər