Azərbaycan futbolunda qarşıdurma: "Bəsdirin, nə qədər parçalanma olacaq?"

Azərbaycan futbolunda qarşıdurma: "Bəsdirin, nə qədər parçalanma olacaq?"
Futbol
29 May 2019 - 19:27
Sabah Azərbaycanın veteran futbolçuları "Vahid Rusiya" partiyasının üzvləriylə millət vəkillərindən ibarət komandasıya yoldaşlıq oyunu keçirəcək.

Bu qarşılaşmaya ciddi hazırlaşan veteranlarımız Supersport.Az-a açıqlama verib.

Onlar oyuna hazırlıq, Veteranlar Şurasının konfransı haqda və son günlər veteranlar arasında baş verən qarşıdurmaya münasibət bildiriblər.

Ramiz Məmmədov: "Mən heç vaxt ayrı-seçkiliyi qəbul etməmişəm" 

Ramiz Məmmədov: "Veteranların əksəriyyəti oruc tutmasına baxmayaraq, yoldaşlıq oyununa hazırlığa həvəslə gəldilər. Xeyli vaxtdır ki, birgə məşq etmədiyimizdən bu hazırlıq yerinə düşdü. Hər zaman oyunlara hazırlıqlı olmaq üçün məşqləri davam etdirəcəyik. Həftədə iki dəfə məşq edəcəyik.

Konfransda ilk növbədə Veteranlar Şurasının sədri Oqtay Abdullayev 2 illik hesabat verdi. Qurumun İcraiyyə Komitəsinin üzvləri birliyin fəaliyyətini qənaətbəxş hesab etdi. Yığıncaqda iştirak edənlərin hamısı sədrin işindən razı qaldığını bildirdilər. Bundan sonra Oqtay Abdullayev səsvermə yoluyla yenidən sədr oldu. Bölgələr üzrə səlahiyyətli şəxslər seçildi. Mən Habil müəllimlə birgə Qarabağ bölgəsində fəaliyyət göstərəcəyəm.

Məqsəd veteranların bir olmasına çalışmaq, onlara dəstək vermək, bölgələrdə iş yerləri təşkil, onların oyunlarda iştirakını təmin etmək, hüquqlarını qorumaqdır. Hamımız bir olaraq fəaliyyət göstərməliyik. Kimliyindən və hansı illərdə futbol oynamasından asılı olmayaraq bütün veteranlara kömək edilməlidir.

Veteranlar Şurasını tənqid etməyi düzgün hesab etmirəm. Əgər həmin insanların iradları varsa, konfransda bildirmək olardı. Ancaq onlar bunu etməkdənsə, mətbuata danışmağa üstünlük veriblər. Oqtay müəllim veteranların səsiylə seçilib. Bu gün hamımız bir olmalıyıq. Bəsdirin də, nə qədər parçalanma olacaq? Vahid veteran ordusu olaraq sədrin ətrafında birləşib futbolumuzun inkişafı üçün iş görməliyik. İnanıram ki, Oqtay müəllim bacardığı nə varsa, əsirgəməyəcək.

Nazim müəllim bizim hörmətli böyük futbolçumuz olub. Mən heç vaxt ayrı-seçkiliyi qəbul etməmişəm və həmişə istəmişəm ki, millət kimi bir olaq, nəinki futbolçu, veteran olaraq.

Mən sizin vasitənizlə Nazim Süleymanova üzümü tutub deyirəm ki, yaratdığı qurumda fəaliyyət göstərməkdənsə şurada çalışsa yaxşı olardı. Əgər onun dediyi qurumda məqsədəuyğun nə varsa, müzakirə edb həyata keçirək.

Hərəmiz bir tərəfə çəkilib özümüzə hər hansı qurum yaratsaq, bunun sonu nə olacaq? Bilmək istərdik ki, Nazim müəllimin qurduğu ittifaqın fəaliyyəti nədən ibarətdir? Əgər faydalı ideyadırsa, bunu şuranın nəzdində də həyata keçirmək olar. Hamımız veteranıq, burada 40-50 nəfər fəaliyyət göstərir. Nazim müəllimə hər hansı səlahiyyət sahibi olmaq lazımdırsa, biz cavanlarıq, yer verərik. Bir olsaq, güclü olarıq.  Biz futbol karyeramızı başa vurmuşuq, hamımız veteranıq, yumruq kimi birləşməliyik ki, istəyimizə çata bilək. Hətta beynəlxalq aləmdə də tanınarıq ki, veteran birliyimiz var".

Mahir Şükürov: "Bu açıqlamalar veteranları iki cəbhəyə bölür"

Mahir Şükürov: "Veteranlar Şurasının rəhbəri Oqtay Abdullayev bütün veteranlara dəvət göndərdi ki, qarşılaşmayla bağlı hazırlığa başlayaq. Artıq bir neçə gündür ki, məşqlər davam edir və qapı hər kəsin üzünə açıqdır. Əslində aramızda belə razılaşma əldə edilib ki, məşqlər davamlı olsun və kim hazırdırsa, onlar yoxlama qarşılaşmalarında və beynəlxalq turnirlərdə iştirak edəcəklər. Məşqlərə gəlincə, Oqtay müəllim sağ olsun ki, bazada hazırlıq üçün yer ayırıb.

Veteranlar Şurasının konfransında bir sıra məsələlər müzakirə olundu. Müstəqillik dövründə oynamış və karyerasını yenicə başa vuran futbolçular da bu quruma dəvət olunub. Mənimlə yanaşı, digər futbolçulara da Şura üzvlüyünə qəbul olunaraq, bəzi səlahiyyətlər verilib. Sumqayıt üzrə kurator olaraq çalışacağam ki, daim ordakı veteran futbolçuları diqqətdə saxlayım və onlarla davamlı görüşlər təşkil edib, problemlərin həlliylə bağlı Veteranlar Şurasına məlumat verim. Bununla bağlı bağlı qurum rəhbəri Oqtay Abdullayev də bu barədə AFFA rəhbərləyini məlumatlandıracaq. Bizim işimiz həm də ondan ibarətdir ki, şəhərdəki veteranlarla AFFA arasında körpü rolunu oynayaq. İstəyirik ki, bu fürsətdən istifadə edərək, futbolumuza töhfə verək. Buna görə həm Veteranlar Şurası, həm də AFFA rəhbərliyinə təşəkkür edirik ki, diqqətdən kənarda qalmırıq.

Nazim Süleymanovun bölgələrdə veteranlarla görüşü anlaşılmazdır. Hər halda, şuranın işindən narazı olanlar yığıncaqda bununla bağlı iradlarını bildirərdilər. Lakin konfransdan sonra belə məsələni qabartmağı doğru saymıram. Nazim müəllim Bakıda istədiyi halda qurum sədri Oqtay müəllimlə görüşüb müzakirə edə bilər. Mediada verilən açıqlamalar veteranları iki cəbhəyə bölür. Hər halda, biz futbolumuzun inkişafını, veteranlara qayğı göstərilməsini istəyiriksə, bir olub çıxış yolu tapmalıyıq. Bunun üçün şurada briləşməliyik".

Emin Quliyev: "Futbolumuzun vəziyyəti ürəyimizi ağrıdır"

Emin Quliyev: "Neçə ildən sonra şura bizləri də dəvət etdi ki, futbola fayda verək. Açığı, kənardan baxanda bu sahəylə bağlı ürəyimiz ağrıyır. Hərə bir tərəfə parçalanıb. Əslində toparlanıb bir olmalıyıq ki, futbolumuz daha da irəli getsin. Mən də Cənub bölgəsi üzrə səlahiyyətli şəxs seçildim. İnşAllah bununla bağlı planlarım var. Cənub bölgəsində veteranlarla, futbolumuzla bağlı yaxından maraqlanacağam. Orda məşqçilərin, keçmiş futbolçuların vəziyyətini öyrənəcəyəm və bu istiqamətdə işlər görəcəyəm. Bilirsiniz ki, vaxtilə Lənkəran və Masallıda yaxşı futbolçular yetişib. Yeni istedadların üzə çxması üçün uşaq futbol məktəbləriylə maraqlanacağam. Həmçinin cənubda veteranların yoldaşlıq oyunlarının keçirilməsinə çalışacağam.

Veteranlar Şurasının rəhbərindən narazılıq edənlər konfransda səslərini də çıxartmadılar. Halbuki hər kəsə çıxış etmək üçün söz demək hüququ verilmişdi. Heç kim narazı olmadı, əksinə, razılıqlarını bildirdilər. Bunu başa düşə bilmirəm. Bu, sanki daldan atılan daşa bənzəyir. Nazim Süleymanov, fikrini, iradını konfransda desəydi daha yaxşı olardı, ancaq kimsə nəsə demədi. Sonradan mətbuata açıqlama vermək düzgün deyil. Bu addım veteranları birləşdirmir, parçalamağa sövq edir.

Zaur Ramazanov: "Onun nə istədiyini başa düşə bilmirəm" 

Zaur Ramazanov: "Veteranlar Şurasının üzvü olaraq qurumun fəaliyyətindən hər zaman razı qalmışam, həmişə veteranlara qapı açıq olub, dəstək verilib.

Məşqə toplaşmaqda məqsədimiz rusiyalı millət vəkillərinin komandasıya yoldaşlıq oyununa hazırlıqdır. Həftədə iki dəfə məşq edib, qarşılaşmalara hazır olacağıq. Əvvəllər veteranlar məşq etmədən artıq çəkiylə oyuna çıxırdı. Peşəkar yanaşaraq, oyunlara lazımi formada çıxmaq mühümdür.

Nazim Süleymanova bir futbolçu kimi böyük hörmətimiz var. Onun nə istədiyini başa düşə bilmirəm. Bölgələrə səfər zamanı veteranlarla görüşməyinin hansı məqsədi daşıdığından da xəbərdar deyiləm. Bunu veteranlar arasında həll etmək olar. Əgər Nazim Süleymanov Oqtay Abdullayevi sədr kimi görmək istəmirdisə, bunu konfransda deyə bilərdi. Bu, asan və doğru yol idi. Müstəqillik dövrünün futbolçusu olaraq şuranın işindən razıyıq. Parçalanma nəyə lazımdır? Nazim Süleymanov həm milli komanda, həm də "Sumqayıt"da məşqçi kimi işləyib. Əgər nəyisə bacarırdısa, işini ortaya qoyardı. Fikrimcə, veteranları üz-üzə qoymaq, arada çaxnaşma, qarşıdurma yaratmaq düzgün addım deyil. Bu gün futbolumuzun acınacaqlı vəziyyətdən çıxarılmasına, bu baxımdan mühüm işlər görülməsinə çalışmaq lazımdır".

Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq. 

Digər xəbərlər