Paracüdoçularımız 9 medalla başladı

Paracüdoçularımız 9 medalla başladı
Cüdo
14 May 2019 - 14:21
Supersport.Az-ın məlumatına görə, Bakıda paracüdo üzrə Qran-pri yarışının ilk günündə Azərbaycan millisinin 6 üzvü finalda mübarizə aparıb.

Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Yarışın ilk günü Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Qadınlar arasında qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli Li Liqinqi məğlubiyyətə uğradaraq qızıl medala sahib olub.

Əlli iki kiloqram çəkidə Səbinə Abdullayeva və Bəsti Səfərova bürünc medal uğrunda görüşdə bir-birilərinə rəqib olublar. Bu qarşılaşmadan Bəsti Səfərova qalib ayrılıb.

Əlli yeddi kiloqram çəki dərəcəsində Azərbaycanın iki cüdoçusu - Sevda Vəliyeva və Afaq Sultanova finalda qarşılaşıblar. Sevda Vəliyeva bu görüşdən qələbə ilə ayrılıb və turnirin qalibi adını qazanıb.

Kişilərin yarışında isə Vüqar Şirinli (60 kq) finalda Rumıniya təmsilçisi Florin Aleksandruya qalib gəlib və qızıl medala yiyələnib. Bayram Mustafayev (66 kq) gürcüstanlı Giorgi Kaldaniyə məğlub olaraq gümüş medal əldə edib. Bu çəkidə çıxış edən digər idmançı Namiq Abbaslı bürünc medal uğrunda Gürcüstan təmsilçisi Giorgi Qamyaşvilini məğlub edərək üçüncü olub. Yetmiş üç kiloqramda Ramil Qasımov üçüncü yeri tutub. Hüseyn Rəhimli (81 kq) isə finalda Özbəkistan idmançısı Davurxom Karomatova məğlub olub və gümüş medala layiq görülüb.

Digər çəki dərəcələrində gürcüstanlı Giorgi Kaldani (66 kq), Özbəkistan təmsilçiləri Feruz Sayidov (73 kq), Davurxom Karomatov (81 kq) və ukraynalı İnna Çerniak (52 kq) qalib olublar.

Qeyd edək ki, 35 ölkədən 214 cüdoçunun qatıldığı turnir bu gün yekun vurulacaq.

 

 

Digər xəbərlər