Rövşən Nəcəfin komandası uğursuz məşqçiləri vəzifədə saxladı 

Rövşən Nəcəfin komandası uğursuz məşqçiləri vəzifədə saxladı 
Futbol
260
14 Mart 2025 - 20:13
AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov 2025-2026-cı illər mövsümü üçün Premyer Liqaya yüksəlməyə namizəd olan klubların infrastrukturu, maddi-texniki bazası, stadionlarda olan mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.
AFFA İcraiyyə Komitəsi tərəfindən 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.
Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib. U-21 yığmasında baş məşqçi Samir Əliyevlə yollar ayrılıb. 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Supersport.Az-ın məlumatına görə, müxtəlif yaş qruplarında yığma komandalarımız beynəlxalq yarışlarda rüsvayçı çıxış etsə də, AFFA baş məşqçilərdən Elxan Abdullayev, İlham Yadullayev, Aqil Nəbiyevi vəzifədə saxlayıb. 

İcraiyyə Komitəsi fevralın 3-də keçirdiyi iclasda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin "2024-2025 UEFA U-17 Avropa Çempionatının seçmə mərhələsi - raund 2"də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul etmişdi.

Adları aşağıda göstərilmiş məşqçilər isə müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təyin olunublar:
Elxan Abdullayev - Azərbaycan U-19
İlham Yadullayev - Azərbaycan U-18 (2008-ci il təvəllüd)
Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüd)
Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.

Əvvəlcədən aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri Aqil Nəbiyev (U-16), Füzuli Məmmədov (U-18) və Elxan Abdullayevi (U-19) olub. 

İcraiyyə Komitəsi AFFA-nın növbəti Hesabat Konfransının tarixini də müəyyənləşdirib. AFFA-nın növbəti Hesabat Konfransı 11 aprel 2025-ci il tarixində keçiriləcək.
Bundan başqa, iclasda Elçin Məmmədovun öz istəyi ilə AFFA İntizam Komitəsindən ayrılması təsdiqlənib.

Digər xəbərlər