Qurban Qurbanov: "Məyusuq, problemləri, çatışmazlıqları aradan qaldırmalıyıq"

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında fikirlərini bildirib.
Təcrübəli mütəxəssis Liqa mərhələsinin son matçında məğlub olduqlarına görə məyus olduqlarını deyib.
“İlk növbədə rəqibi təbrik edirəm, çox yaxşı oynadılar, uğurlar arzulayıram. Son oyunumuz idi və çox ciddi rəqibə qarşı. Stadionda çox yaxşı atmosfer vardı. Bu komandanın bu il Avropa Liqasının qalibi olmağa iddialı olduğuna şübhə etmirəm. Çünki keçən il Konfrans Liqasını qazanıblar, bu il isə arzuları, istəkləri, hədəfləri çox böyükdür. Bu komandada sürət, dinamika var. Son oyunumuzda sonacan dözümlü olmağa, çox yaxşı oynayıb yüksək nəticə əldə etməyə çalışdıq. Əfsuslar olsun ki, texniki səhvlərdən üç qol buraxdıq. Hər bir halda, böyük təcrübə əldə etdik. Avropada futbol sürətlə dəyişir. İllərdir uğurlarımız, uğursuzluqlarımız olub. Həmişə qələbələr qazanmaq olmur. Bəli, Avropa Liqasında çox qollar buraxdıq, sonuncu olduq. Müdafiədə zəif çıxış etdiyimizi qəbul etməliyik. Problemləri, çatışmazlıqları aradan qaldırmalıyıq.
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" - "Qarabağ" oyunu Yunanıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.