Nazirliyin, AFFA rəhbərliyi Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçına gəlmədi - Foto-Video

Supersport.Az dünyanın məşhur hakimi olmuş Tofiq Bəhramovun 100 illiyi münasibətilə futbol veteranları və idman jurnalistləri arasında Respublika stadionunda keçirilən yubiley matçından videogörüntü hazırlayıb.
Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionu ilə birgə təşkil etdiyi oyundan əvvəl Dövlət Himni səsləndirilib. Sonra mərhum hakimin və Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Final fitindən əvvəl T.Bəhramovun nəticəsi Bəhram Bəhramov topa simvolik toxunuş edib.
Veteranların komandasında baş məşqçi Zaur Ramazanovun rəhbərliyi altında Tərlan Əhmədov, Mahmud Qurbanov, Hüseyn Məhəmmədov, Emin Quliyev, Əli Abışov, Alim Qurbanov, Emin İmaməliyev, Zaur İsmayılov və başqaları forma geyiblər.
Veteranlar 8:3 hesabıyla qalib gəliblər.
Yubiley matçına Gənclər və İdman Nazirliyinin, AFFA rəhbərliyi gəlməyib. GİN-dən yalnız mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev gəlib. AFFA rəhbərliyindən isə kimsə dünya şöhrətli hakim olmuş Tofiq Bəhramovla bağlı təşkil olunan yubiley oyununa gəlməyi lazım bilməyib. Adətən futbol qurumunun icraçı vitse-prezidenti Sərxan Hacıyev tədbirlərdə olsa da, bu matça gəlməyib. Bu, həm hörmətsizlikdir, həm də Gənclər və İdman Nazirliyilə AFFA rəhbərliyi arasında soyuq münasibətlərin davam etdiyini göstərir. Daha bir biabırçı məqam oyunun azarkeşlərsiz təşkili olub.
Gənclər və idman naziri Fərid Qayıbovdur, AFFA-nın prezidenti Rövşən Nəcəfdir.














