"Sabah"ın qaranlıq fəaliyyəti: meydançası bərbad vəziyyətdə - Video

"Sabah"ın qaranlıq fəaliyyəti: meydançası bərbad vəziyyətdə - Video
Futbol, Eksklüziv, Video
1258
10 Dekabr 2024 - 09:53

Azərbaycan futbolu koma vəziyyətindədir, can verir.

Klubların çoxunun infrastrukturu, akademiyası yoxdur, uşaq futbolu, əksər meydançalar bərbad vəziyyətdədir. Neçə illərdir mütəxəssislər, media nümayəndələri bu problemlərin də həll olunmasının mühüm olduğunu deyirlər. Yuxudan ayılmaq istəməyənlərə, başı talana, fırıldağa, quldurluğa, milyonları mənimsəməyə qarışanlara, bunun faydası olmur. Bunun nəticəsində ölkənin istər klublarını, istərsə də müxtəlif seçmə komandalarını beynəlxalq arenada topla döyüb, rəzil edirlər. 


"Sabah" futbol klubu da qapazaltılar sırasındadır. Maddi imkanları yaxşı olsa da, bu komanda 7 ildə peşəkar olmaq istəmir. Stadion olmaqla iş bitmir. İnfrastrukturu yarımçıq, bazasız, akademiyasının adı olub özü olmayan "Sabah". Ölkədə 7 ildir əsas komandası titul qazana bilməyən, 12 məşqçi dəyişən, milyonları boşuna xərcləyən, Avropada sürünən, saytı da bağlı komanda: "Sabah".


Dünyada peşəkar futbol klublarının beynəlxalq standartlara uyğun infrastrukturu, 15-20 meydançası olduğu halda, "Sabah" da bu baxımdan çox geridədir.


Supersport.Az "Sabah" klubunun daha bir qeyri-peşəkar fəaliyyətini aşkara çıxarıb. Masazırda çəkdiyimiz videogörüntüyə, fotoya baxmaqla faktı görəcəksiniz. Məsələ burasındadır ki, "Sabah" əvvəllər məşq etdiyi, çempionat oyunlarının keçirildiyi təbii meydançadan imtina edib və hazırda ora bərbad vəziyyətdədir. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyir ki, əsas komanda özlərinə məxsus başqa yerdə hazırlıq keçir, əvvəlki meydançaya ehtiyac yoxdur. Qəribə, biabırçı fikirdir. 


"Sabah"ın futbola qeyri-peşəkar yanaşması faktından biridir bu.


"Bayquşlar"ın ev oyunlarını keçirdiyi Masazırda komandaların məskunlaşması üçün baza inşa olunmayıb. 


Belə klubun rəhbərliyində olan Maqsud Adıgözəlovla Balakişi Qasımov hazırda AFFA-da da çalışır.


Onların AFFA-ya gəlişindən 8 ay müddətində də ölkənin yığma komandaları biabırçı məğlubiyyətlərlə qınaq obyektinə çevrilib.


Klubda düz-əməlli çalışmayanlardan ölkə futbolunu xilas edəcəyini gözləməyin.


SOCAR, AFFA prezidenti Rövşən Nəcəf 8 aydır milyonlarla pul ayıraraq, futbolun inkişaf strategiyasını xaricilərə yazdırır, yığma komandalar isə uduzmaqla məşğuldur. Milli komandanın baş məşqçisi Fernando Santuşun qovulacağı gözlənilir.


Supersport.Az


Digər xəbərlər