Cüdo çempionatında ən güclü komandalar müəyyənləşdi - Foto

Cüdo çempionatında ən güclü komandalar müəyyənləşdi - Foto
Olimpiya, Digər, Cüdo, Foto
309
01 Dekabr 2024 - 18:11

Supersport.Az xəbər verir ki, bu gün cüdo üzrə Azərbaycan çempionatının komanda yarışları keçirilib. Bakı İdman Sarayında keçirilən yarışda qadınlar arasında 7 komanda, kişilər arasında isə 9 komanda kubok uğrunda mübarizə aparıb.


Qadınların yarışında -52 kq., -57 kq., -63 kq., -70 kq. və +70 kq. çəkilərdə, kişilərin yarışında -66 kq., -73 kq., -81 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.


Yarışda komandalar uyğun olaraq qadınlar və kişilər arasında 2 fərqli qrupa bölünüb. Hər qrup daxilində komandalar bir-biri ilə qarşılaşıb. Qrup mərhələsində əldə edilən nəticələrə əsasən, müəyyən yerləri tutan komandalar yarımfinal və təsəlli mərhələdə mübarizəni davam etdirib.


Qadınlar arasında bürünc medal uğrunda görüşlərdə Umbayev Sport Klub 3:0 hesabı ilə Neftçi İdman Klubuna (2), Cüdo Klub 2012 3:1 hesabı ilə Azəri-Cüdo İdman Klubuna qalib gəlib. Final görüşü Neftçi İdman Klubu (1) ilə Şuşa UGİM arasında keçirilib. Neftçi İdman Klubu (1) 3:1 hesabı ilə qalib gələrək qadınlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.


Kişilər arasında bürünc medal uğrunda görüşlərdə Neftçi İdman Klubunun 1-ci komandası 3:0 hesabı ilə klubunun 2-ci komandasına, Kanokan TT İdman Klubu 3:1 hesabı ilə Sərhədçi İdman Mərkəzinə qalib gəlib. Final görüşü Cüdo Klub 2012 ilə Atilla İdman Klubu arasında keçirilib. Cüdo Klub 2012 3:2 hesabı ilə qalib gələrək kişilər arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.


Qalib komandalara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərov, vitse-prezident Elnur Məmmədli və ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu təqdim ediblər.

Digər xəbərlər