Azərbaycan olimpiadada 30-cu oldu

Azərbaycan olimpiadada 30-cu oldu
Olimpiya, Digər
542
12 Avqust 2024 - 12:19

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Supersport.Az xəbər verir ki, tədbir "Stad De Frans"da baş tutub.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Olimpiya bayrağını ABŞ-nin Los Anceles şəhərinin meri Karen Basa təqdim edib. Növbəti Olimpiya Oyunları 2028-ci ildə Los Ancelesdə keçiriləcək.

Xatırladaq ki, iyulun 26-da Sena çayı ətrafında açılış mərasimi olan Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

Medalların əyarına görə, sıralamada Azərbaycan (2 qızıl, 2 gümüş, 3 bürünc medal) Xorvatiya ilə 30-31-ci yerləri bölüşdürüb. Respublikamız maliyyəsi bizdən az olan Özbəkistan (8 qızıl, 2 gümüş, 3 bürünc medal - 13-cü yer), Gürcüstandan (3 qızıl, 3 gümüş, 1 bürünc medal - 24-cü pillə) geri qalıb. Olimpiadaya qatılan 206 ölkədən 91-i mükafat qazanıb.

London-2012 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növündə 53 idmançıyla 32-ci (2 qızıl, 2 gümüş, 5 bürünc medal) olmuşdu. Gürcüstan 39-cu (1 qızıl, 3 gümüş, 3 bürünc medal), Özbəkistan 46-cı (2 bürünc medal) yeri tutmuşdu.

Digər xəbərlər