Cüdomuzun fiaskosu - Rüstəmlə Hidayət də mükafatsız qaldı

Cüdomuzun fiaskosu - Rüstəmlə Hidayət də mükafatsız qaldı
Digər, Cüdo
25 Yanvar 2019 - 23:44
Supersport.Az-ın məlumatına görə, İsraildə keçirilən cüdo üzrə qran-pridə daha 3 təmsilçimiz tatami üzərinə çıxıb.


Yarışın ikinci günü 73 kiloqramda 2 idmançımız yarışıb. Rüstəm Orucov ilk qarşılaşmada yerli idmançı Yakov Gemeri məğlub etsə də, 1/8 finalda italiyalı Auqusto Meloniyə ipponla uduzaraq mükafat qazanmaq şansını itirib. Rüstəmlə eyni çəkidə mübarizə aparan Hidayət Heydərov da uğursuzluğa düçar olub. Hidayət  italiyalı rəqibi Covanni Espositonun qarşısında aciz qalıb.


Yay Olimpiya Oyunlarında əsas medal ümidlərimiz hesab olunan bu cüdoçuların qran-pri ilə erkən vidalaşması ciddi siqnaldır. Orucovla Heydərov Bakıda keçirilmiş dünya çempionatında istənilən səviyyədə çıxış etməmişdi. Belə getsə, onlar 4 ilin ən mötəbər yarışından kənarda qalacaqlar.



81 kiloqram çəkidə Murad Fətiyev debütdə avstraliyalı Eon Kuqlan, növbəti mərhələdə amerikalı Cek Hetona qalib gəlib.

¼ finalda israilli Muki Sagiyə ipponla məğlub olan Fətiyev, təsəlliverici mərhələdə yarışmaq şansı qazanıb. Bürüncə aparan yolda həmvətənimiz italiyalı Antonio Espositonu rəqibini qızıl xalla üstələyib.

Yığmamızın üzvü üçüncü mükafat uğrunda görüşdə digər appenin təmsilçisi Kristian Parlatiyə ipponla uduzaraq 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, ilk yarış günü 9 təmsilçimizdən heç biri mükafatçılar siyahısına düşə bilməyib.

Digər xəbərlər