Eksklüziv: AFFA-da "təmizləmə əməliyyatı": iki şəxs kənarlaşdırıldı

Eksklüziv: AFFA-da "təmizləmə əməliyyatı": iki şəxs kənarlaşdırıldı
Futbol, Eksklüziv
05 Yanvar 2019 - 19:08
AFFA-nın Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirildikdən sonra köhnələr qurumdan kənarlaşdırılır.

Dörd ay əvvəl Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov Hakim-İnspektorlar Komitəsindəki sədr vəzifəsini itiribər.

Həmin vaxt yeni quruma rəhbər təyin olunan avstriyalı sabiq FİFA referisi Fritz Stuxlik "təmizləmə əməliyyatı"nı davam etdirir.

Supersport.Az-a bu haqda xəbər daxil olub.

Məlumatlı mənbə bildirib ki, Hakim-İnspektorlar Komitəsinin keçmiş sədri Əli Hüseynov nəinki komitədən, ümumiyyətlə, AFFA-dan həmişəlik kənarlaşdırılıb. O, sədrlikdən getsə də, hakim-inspektor kimi fəaliyyət göstərirdi. Sonuncu dəfə Ə.Hüseynov noyabrın 10-u keçirilən premyer liqanın 11-ci turunda "Neftçi" - "Zirə" (2:2) oyununda işini yerinə yetirib. Bu matçda baş hakim İnqilab Məmmədov 9 futbolçunu sarı vərəqəylə cəzalandırıb. Son üç turda AFFA Əli bəyi hakim-inspektor təyin etməyib. Bu fakt da onu göstərir ki, o, qurumdan birdəfəlik xaric olunub.

Hakim-İnspektorlar Komitəsinin keçmiş sədri Əli Hüseynovdan əvvəl Hakimlər Komitəsinin sabiq rəhbəri Xaqani Məmmədov AFFA-dan kənarlaşdırılmışdı. Hər iki şəxsin fəaliyyətində yol verdiyi nöqsanlara əsasən, çıxarıldığı bildirilir.

Digər xəbərlər