Gəncədə biabırçılıq: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankarta qadağa qoyuldu

Gəncədə biabırçılıq: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankarta qadağa qoyuldu
Futbol, Eksklüziv
20 May 2018 - 18:09
Azərbaycan Premyer Liqasının 28-ci turunda biabırçılıq baş verib.

Supersport.Az-a verilən məlumatda bildirilir ki, Gəncədə "Kəpəz" - "Neftçi" oyunundan əvvəl yerli azarkeşlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankart açmaq istəyiblər. Fanatlar qarşılaşmaya daxil olmaq istəyərkən əllərində AXC qurucularının, həmçinin yubileyə həsr olunan şəkillər olub. Lakin polislər azarkeşlərə imkan verməyib və bu azmış kimi "Xəmsə", "Kəpəz Ultras"ın üzvləri həbs edilərək, stadiondan aparılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankart açmasına mane olması rüsvayçılıqdır.

Bir məqamı da qeyd edək ki, prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Bununla bağlı sərəncamda 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdiyi, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu bildirilir. Qeyd edilib ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Sərəncamda bildirilir ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Digər xəbərlər