Ramil Quliyev böyük planlarını, problemləri qabartdı

Ramil Quliyev böyük planlarını, problemləri qabartdı
Atletika, Digər
09 Aprel 2018 - 16:33
Supersport.Az-ın məlumatına görə, atletikada Türkiyəyə dünya çempionluğu qazandıran həmvətənimiz Ramil Quliyev gələcək planlarını açıqlayıb.

Titullu idmançı bildirib ki, bu il Avropa çempionatında qızıl medal qazanmağı düşünür.

R.Quliyev 7-12 avqust tarixlərində Berlində keçiriləcək Avropa çempionatı üçün yüksək səviyyədə hazırlaşmağın vacibliyini qeyd edib.

"Brilliant Liqa" ilə mövsümə başlayacağıq. Avropa çempionatında da qızıl medal qazanmalıyıq. İnşAllah oradan bir neçə mükafatla Türkiyəyə qayıdarıq. Qitə yarışından əvvəl iştirak edəcəyimi bir neçə beynəlxalq turnirdə çatışmazlıqlar üzə çıxacaq və bunları aradan qaldırmağa çalışacağıq".

Dünya çempionu, Türkiyədə hərtərəfli şərait olduğuna diqqət çəkib:

"Mən çox vaxt Türkiyədə hazırlaşıram, başqa ölkəyə getməyi sevmirəm. Bəzən hava ilə bağlı digər dövlətlərə getmək məcburiyyətində qalıram. Mənə "Sən Türkiyədə çalışsan uğur qazana bilməzsən, ABŞ-da hazırlaşmalısan" deyənlərə bunun əksini demişdim. Sistemli proqramla məşq edirik. Bunun müsbət nəticələrini görürük".

Türkiyə atletikasında mənfi məqamların olmadığını söyləyən 27 yaşlı Ramil Quliyev sözünə belə davam edib:

"Yüksək şərait, möhtəşəm atmosfer varsa, hər şey qaydasında gedir. İdmanda 50 yaşa çatanda çətin olur, istək də qalmır. Daha çox çalışmalı, Olimpiadalarda da uğurlar qazanmalıyıq. Zədə olmasa və başqa problem yaranmasa 5-10 il atletikada mübarizə aparacağam".

İdmançının uğurlarında mütəxəssislərin böyük rolu olduğunu vurğulayan dünya çempionu, bu faktoru qabardıb:

"Türk idmançıların uğursuzluğunda ən böyük problem məşqçilərlə bağlıdır. Mütəxəssis mühüm rola malikdir. Əhalisi az olan ölkələr var ki, atletikada möhtəşəm zəfərlər qazanıb. Türkiyənin əhalisi çoxdur. Bizim idmanda məşqçilər azdır. Mütəxəssis olmadan uğur qazanmaq mümkün deyil. Əcnəbi məşqçi gətirməliyik.

Karyeramı başa vurduqdan sonra məşqçi olaraq möhtəşəm idman məktəbi açmaq istəyirəm. Bunun üçün nazirlik, federasiya və klubun dəstəyi vacibdir. Tək nəsə etmək mümkünsüzdür. Gözəl planlar həyata keçirmək arzusundayam. Şərait yüksək səviyyəyə çatdırılanda və dəstək artdıqca uğurlar artır".

Azərbaycanda böyüdüyünü qeyd edən R.Quliyev, bayrağın böyük dəyər olduğunu vurğulayıb:

"Türkiyə - Azərbaycan qardaşdır, bir millət, iki dövlətdir. Türkiyə məni məmnuniyytlə qəbul elədi. Bayraq daşımaq və zirvələrə qaldırmaq fərqli hissdir. Zəfərlər olanda sən stadionu ayağa qaldırırsan. Başqa ölkələrdən Türkiyə yığmasında çıxış etmək üçün gələn əcnəbi idmançılarla mənim baxışım fərqlidir. Onlar gəlib yarışıb gedirlər. Mən isə Türkiyəni vətənim hesab edirəm və heç yerə getmək fikrim yoxdur".

Digər xəbərlər