"Keşlə"yə yeni baş məşqçi gətiriləcək

"Keşlə"yə yeni baş məşqçi gətiriləcək
Futbol
19 Dekabr 2017 - 00:16
Supersport.Az-ın məlumatına görə, "Keşlə" klubunun yeni baş məşqçisi Yuri Maksimov olacaq.

49 yaşlı ukraynalı mütəxəssislə gələn həftə cari mövsümün sonunadək müqavilə bağlanılacaq. Yeni baş məşqçinin qarşısına Azərbaycan Premyer Liqasında daha yüksək yerlərdən birini tutmaq və Azərbaycan Kubokunu qazanmaqla Avropa Liqasına vəsiqə əldə etmək tapşırığı qoyulacaq.

Zaur Svanadzenin istefaya göndərilməsindən sonra baş məşqçi postuna müvəqqəti gətirilmiş Ramiz Məmmədov yenə əvvəlki işinə - əvəzedici heyət üzrə koordinator vəzifəsinə qaytarılacaq.

Qeyd edək ki, Yuri Maksimov  2005-ci ildə Belarusun "Dinamo" (Minsk) klubunda baş məşqçi karyerasına başlayıb. 2006 - 2013-cü illərdə Ukraynanın MOİK (Kiyev), "Obolon", "Krivbass", "Metallurq" (Donetsk) və "Mordoviya" komandalarının baş məşqçisi olmuş Maksimovun son komandası ötən mövsüm rəhbərlik etdiyi Qazaxıstan "Taraz"ı olub. Ukraynalı mütəxəssis 2013-2014 mövsümündə "Mordoviya"nı Rusiya I Divizionunun qalibi edərək, Premyer Liqaya çıxarıb.

Digər xəbərlər