“Qarabağ”: Atları yəhərləmək zamanı da gəlib çatdı

“Qarabağ”: Atları yəhərləmək zamanı da gəlib çatdı
Yazarlar
23 Noyabr 2017 - 02:16
Tarixində ilk dəfə Avropanın gn güclü klub turnirinə yol tapmış Azərbaycan təmsilçisinin "ilk"lərinə daha bir neçəsi əlavə olundu.

«Qarabağ» ilk dəfə bu yarışda səfərdə xal qazandı; bu yarış çərçivəsində həm də ilk dəfə rəqibinə məğlub olmadan qrup yarışını başa vuracaq.

Bu tarixi rəqəmlər nə qədər quru statistika olsa belə, onun məğzində hələ də gələcəyinin necə olacağını bilmədiymiz futbol nailiyyəti dayanır. Çünki Azərbaycan futbol ictimaiyyəti bunu böyük yolun başlanğıcı kimi qəbul etmək istəyir.

Əlbəttə, sadəcə, rəqəmlərlə kifayətlənmək olmaz. «Qarabağ» Avropanın ən dayanıqlı güclü klublarından birindən təkcə səfər xalını qoparmadı, həm də göstərdiyi oyunla diqqət mərkəzinə düşdü və futbol ictimaiyyətinə quru rəqəmlə deyil, məhz oyunu ilə böyük ümid bəxş etdi.

Axı, bu qələbəyə bərabər heç-heçəyə, sadəcə, qapısının toxunulmazlığını qorumağa çalışan bir komanda nail olmadı, əksinə, meydanda rəqibi ilə başabaş mübarizə aparmaq istəyən bir debütant da dayanmışdı.
Turnirdə ilk iki oyundakı səhvlərindən lazımi nəticə çıxaran Ağdam təmsilçisi, ilk oyunda olduğu kimi, Madrid klubu ilə yalnız matçın əvvəlində özünə gəlib meydanı hiss edənə qədər rəqibinə şans verdi.

Doğrudur, bu psixoloji amil kimi, hələ də təmsilçimizin yarış ovqatına tam köklənə bilmədiyini və özünü sığortalamağa çalışdığından ürkək rəqib təsirini bağışlayır. Hərçənd unutmayaq ki, baş məşqçi Qurban Qurbanov demişkən, bu turnir futbolçular üçün böyük təcrübə məktəbidir.

Həqiqətən hətta milli komandamızın fərqli rəqiblərlə üz-üzə olduğu ötən onilliklər futbolumuza "Qarabağ"ın bu turnirdəki 4 oyunu qədər təcrübə qazandırmayıb. Söz yox ki, təcrübə dedikdə, yalnız oyun praktikası və vərdişlərindən söhbət getmir.

Bu, geniş məfhumdu və ən azı, Qara, Mahir, Ramil, Coşqun kimi futbolçularımızın, psixoloji-mənəvi yüksəlişin başlanğıcı kimi, mental cəhətdən böyüməsinə təkan verən qüvvədir.

Əlbəttə, onlar Azərbaycan klublarının daha sərfəli maliyyə uçurumunda ilişb qalmağı üstün tutmasalar, böyük nailiyyətlərə can atsalar, tək özləri deyil, futbolumuz da qazanacaq. Bu komandanın sükanı arxasında yerli brend olmağa layiq Qurban kimi bir mütəxəssisin dayanması, buna ümid yaradır.

Batı Yar

 

Digər xəbərlər