GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ İKİ İSTEFA

GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ İKİ İSTEFA
Digər, Tribuna
14 Noyabr 2016 - 21:54
FƏRİD MANSUROV: "BELƏ ŞƏXSLƏR İDMANIMIZI ŞİKƏST EDƏNLƏRDİR" 

Supersport.Az-ın məlumatına görə, bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında qurumun idman şöbəsinin rəhbəri Fərid Mansurovun iştirakıyla mətbuat konfransı keçirilib.

İkiqat dünya və olimpiya çempionu əvvəlcə ilin 9 ay ərzində qeydə alınan nəticələrə toxunub:

"Bu, mənim birinci müsahibəm deyil. İdmançı kimi hamınıza müsahibə vermişəm. Qələbələri siz jurnalistlər işıqlandırırsız. Buna görə hər birinizə minnətdarlığımı bildirirəm. Hazırda AGİN-də çalışıram. İdmandan gəlmişəm və müəyyən mərhələləri keçmişəm. Bu sahədə çalışmaq çox maraqlı və məsuliyyətlidi. Bu ilin 9 ayı ərzində 106 ölkədaxili, 29 beynəlxalq yarış keçirilib. İdmançılarımız 121 qızıl, 146 gümüş, 245 bürünc medal qazanıb. Bu rəqəmlər ilin yekununa kimi artacaq. Rio-2016-da idmançılarımız 18 medal qazandı. Fürsətdən istifadə edib, idmançılarımızı bir daha təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq. İdmana bu gün dövlət səviyyəsində diqqət və qayğı var. Ölkəmizdə müxtəlif növlər üzrə dünya və Avropa çempionatları keçirilir. Bu il “Formula-1” üzrə Avropa “Qran-pri”si və Şahmat Olimpiadası kimi tanınmış idman yarışları keçirilib. Bu il 4 idman adamı şöhrət ordeni alıb. Bu da idmana və idmançıya dövlət qayğısının nəticəsidir".

Fərid bəy daha çox uşaq idmanının inkişafında maraqlıdır:

"Azərbaycan idmanını daha da yüksəyə qaldırmaq, idmançılarımızın çəkdiyi əziyyətləri qiymətləndirmək və uğurların davamını gətirmək lazımdır. Uşaq-gənclər idman məktəbləriylə maraqlandım. Bu sahə fundamental idmançı bazamızdır. İdmançıların ardı gəlməlidir. İlk növbədə bu sahədə rəqabət yaratmağa çalışırıq. Ən əsas önəm verdiyim sahə budur. İlk növbədə idmanımızın dayağını möhkəmləndirmək və daha da inkişaf etdirməliyik. Yerli məşqçilərin maarifləndirilməsinə çalışacağıq. Necə biz əcnəbi mütəxəssislərin xidmətinə ehtiyac duyuruqsa, gələcəkdə bizim məşqçilərə də xaricdən təkliflər gəlsin. Ümumiyyətlə, idmanla bağlı bütün məsələləri yenidən gözdən keçirib təkmilləşdirməliyik. Ümumiyyətlə, ölkədə idmanla bağlı bütün proseslər AGİN-lə razılaşdırılmalıdır. Bu işə yeni gələrkən UGİM-lərin rəhbərlərini çağırdım və hamısına tapşırıqlarımı verdi. Yerlərdə yoxlamalar təşkil edəcəyik. Bir insan kağız üzərində idman müəllimidisə, ancaq başqa işlə məşğul olursa, bu, yolverilməzdir. Belə şəxslər idmanımızı şikəst edənlərdir. Bunun qarşısını almaq üçün yalnız AGİN yox, hamı mübarizə aparmalıdır. Təəssüf ki, belə hallar var. Bunların qarşısını qısa vaxtda almağa çalışacağıq. Biz ilk növbədə uşaqlardan inkişafa başlamalıyıq. Uşaqlara nəzarəti gücləndirsək, yüksək inkişafa nail olacağıq. Cəmi 3 aydır təyin olunmuşam. Bütün sadaladığınız problemlər mərhələli şəkildə həll edilməlidir. Bu vəzifədə ilk görüşüm AGİN-in, ikinci görüşüm isə Təhsil Nazirliyinin nəzdində olan uşaq-gənclər idman məktəblərinin direktorlarıyla oldu. Ən yaralı yerimiz bu sahədir. Fundamenti düzəltdikdən sonra rahat digər problemləri də həll etmək mümkün olacaq".

AGİN-də müəyyən kadr islahatları aparıldığını söyləyən Mansurov, bu məsələyə bağlı bunları deyib:

"Hazırda şöbəmiz 6 sektordan ibarətdir. İki sektorun müdiri öz istəyi ilə istefa ərizəsini yazıb. Mümkün qədər gənc kadrlardan istifadə edirik. Bəzi işçilərimiz özlərini doğrultmasa, kadr dəyişiklikləri davam edəcək. İstefa verənlər dopinqlə mübarizə sektorunun müdiri İradə Rüstəmova və idman məktəbləri sektorunun müdiri Mütəllib Həsənovdur".

Fərid bəy, ayrı-ayrı idman qurumlarından da dəstək gözləyir:

"Federasiya rəhbərlərində dəyişikliklər ölkə prezidenti səviyyəsində icra edilir. Məsələn, voleybolda bu baş verdi. Təbii ki, fəaliyyətində nöqsanlar olan rəhbərlər şəxslərin durumu nəzərə alınacaq və buna müvafiq ölçü götürüləcək. Otüstü Hokkey Federasiyası ilyarım fəaliyyətini dayandırmışdı. Artıq bir ay olar ki, işə başlayıblar. Hətta bir yarışda iştirak da ediblər. Müəyyən proseslər var ki, bunda yalnız AGİN yox, federasiyalar da təşəbbüs göstərməlidir. Komanda növləri fərdi növlərdən fərqlənir. İdmançılar bir-birini başa düşməli və tamamlamalıdır. Bu sahədə inkişaf daha uzun müddət tələb edir. Yəqin ki, hər biriniz futbol oynamısınız. Kim ki bir-biriylə çox oynayıb, komanda yoldaşının nə etmək istədiyini başa düşür. Çünki ona uyğunlaşıb".

AGİN rəsmisi legioner məsələsinə də münasibətini bildirib:

"Ölkə adından iştirak edən hər bir idmançı bayrağımızı qaldırır. Bu yerli də ola bilər, legioner də. Əlbəttə, yerli idmançımız uğur qazansa, daha çox sevinərik. Məhz buna görə uşaq-gənclər idman məktəblərindən işə başladım ki, xaricdən axının qarşısını alaq və ölkə daxilində rəqabət yaradaq. Daxildə rəqabət olsa, legionerin qarşısına sağlam idmançı qoyacağıq. Legioner məsələsi jurnalistlər və idmansevərlər üçün yaralı sahədir. Ancaq bu gün dünya idman rəqabətinə tab gətirmək üçün legionerlərin xidmətindən istifadə etmək vacibdir. Biz onlarla paralel yerli idmançıları yetişdirməliyik. Onların ardınca özümüzkülər gəlməlidir".

Sabiq güləşçi, sevimli idman növündəki vəziyyətə də toxunub:

"Güləş yığmalarımızda baş vermiş məşqçi dəyişikliklərini müsbət dəyərləndirirəm. Yerli mütəxəssislərin baş məşqçi seçilməsi məni çox sevindirdi. Burda həm mentalitet, həm də psixologiya məsələləri ön planda durur. Psixologiyasına bələd olduğun idmançıya daha çox təsir göstərə bilərsən. Təyin olunan məşqçilər uzun müddət əsas komandalarda çalışmış mütəxəssislərdi və uğurları var. Bildiyiniz kimi, Xetaq Qazyumov artıq karyerasını bitirib. Bu yaxınlarda Rövşən Bayramovun da güləşdən ayrıldığı haqda söz-söhbət yayılıb. Amma onun hələ güləşmək potensialı var. Məşqlərini izləyə bilmirəm. Çünki artıq buna vaxtım yoxdur".

Digər xəbərlər