PREZİDENT İLHAM ƏLİYEV: "ƏDALƏTSİZ QƏRARLAR BİZİ ÇOX İNCİDİR"

PREZİDENT İLHAM ƏLİYEV: "ƏDALƏTSİZ QƏRARLAR BİZİ ÇOX İNCİDİR"
Digər, Paralimpiya
24 Sentyabr 2016 - 10:02
Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. Supersport.Az-ın məlumatına görə, dövlət başçısı çıxışında komandamızın çox yaxşı çıxış etdiyini bildirib.

 

"Biz bu Oyunlarda 24 idmançı ilə təmsil olunmuşuq və 11 medal qazanmışıq. Onlardan biri qızıl, səkkizi gümüş, ikisi isə bürünc medaldır. Bu, çox yaxşı göstəricidir. Bu, bir daha onu göstərir ki, bizim paralimpiyaçılarımız güclü komandalar sırasındadır. Sizdən əvvəl bizim Olimpiya komandamız da Rioda çox yaxşı nəticələr göstərib, 18 medal qazanıb.

 

Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 29 medal qazanıblar. Bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. İdman Azərbaycanda sürətlə inkişaf edir və hər bir mötəbər beynəlxalq yarışda idmançılarımız bizi sevindirir" deyə o, vurğulayıb.

 

İ.Əliyev idmançılarımıza qarşı edilən haqsızlıqlardan da söz açıb: "Bəzən biz görürük ki, bəzi yarışlarda ədalətsiz qərarlar qəbul edilir, o cümlədən bizim idmançılara qarşı. Əlbəttə ki, bu, bizi çox narahat edir və incidir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan artıq dəfələrlə müxtəlif beynəlxalq yarışlarda sübut edib ki, biz doğrudan da güclü idman dövlətiyik, bizim güclü idmançılarımız var və idmançılar Azərbaycanın şöhrətini daim yüksəklərdə saxlayırlar".

 

Paralimpiyaçıları təbrik edən dövlət başçısı Oyunlarda fərqlənən idmançıları dövlət mükafatları ilə təltif edib. O, Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XV Yay Paralimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, "Tərəqqi” medallarını, "Vətənə xidmətə görə” və "Şöhrət” ordenlərini təqdim edib.

 

Cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev, "Rio-2016”da nizəatma yarışlarının gümüş medalçısı İradə Əliyeva, cüdo komandasının baş məşqçisi İbrahim İbrahimov, XV Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Ramil Qasımov Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

 

Digər xəbərlər