FARİZ NƏCƏFOV: "NEFTÇİ"YƏ YAZIĞIM GƏLMƏDİ" - VİDEO

FARİZ NƏCƏFOV: "NEFTÇİ"YƏ YAZIĞIM GƏLMƏDİ" - VİDEO
Futbol, Layihə, AFFA yanında Media Komitəsi
11 Sentyabr 2016 - 16:11
Azərbaycan Premyer Liqasının 4-cü turunda daha bir qarşılaşmada biabırçı hesab qeydə alındı. "Neftçi" "Qəbələ"yə 0:8 hesabı ilə məğlub oldu. Bununla paytaxt klubu SSRİ və Azərbaycan çempionatı tarixində ən böyük hesablı məğlubiyyətlə üzləşdi. Bundan əvvəl "Neftçi" bir dəfə bu hesabla uduzmuşdu. Bu, UEFA kubokunda Polşanın "Vidzev" klubu ilə görüşdə baş vermişdi.

Oyunun ardından "Qəbələ"nin baş məşqçisi güclü, "Neftçi"nin çalışdırıcısı isə zəif olduqlarını bildirdi.

"AĞILLI İNSANLAR BU VƏZİYYƏTDƏN YARARLANIB, İNKİŞAF EDİRLƏR"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandasından razı qaldığını, "Neftçi"nin oyununu dəyərləndirmək istəmədiyini bildirdi:


"Komandam yaxşı oynadı və layiqli qələbə qazandı. Futbolçularım barədə müsbət fikirdəyəm. Birinci hissədə 3:0-dan sonra bir az arxayınçılıq oldu. Amma sonra futbolçularım özlərinə qayıtdılar. Bu cür qələbə yaxşı emosiya yaradır. Ağıllı insanlar bu vəziyyətdən yararlanıb, inkişaf edirlər. Biz həmişə yaxşı, qollu nəticəyə köklənirik. Bu dəfə bunu bacardıq. Uğurlu nəticə əhvalımızı yüksəltdi. Belə halda, öyrənmək daha yaxşıdır. Düşünürəm ki, bu, futbolçulara yaxşı təsir göstərəcək. Bizdə heç nə dəyişməmişdi. Heyətdə həmişə layiq olan futbolçulara yer veririk. Bizim bu yanaşmamız heç vaxt dəyişməyəcək.

Rəqibin oyununu dəyərləndirmək mən tərəfdən düz çıxmaz. Öz komandamla bağlı onu deyə bilərəm ki, yaxşı oynadıq. Amma bununla bərabər səhvlərimiz oldu".

Ukraynalı mütəxəssis, yeni transferlər – Ruslan Qurbanov və Petar Franyiçin də çıxışından razı qaldığını dedi:

"Mən bütün oyunçulardan razı qaldım. Futbolçuları ayırmaq istəmirəm. Düzdür, onların oyununu ayrı-ayrılıqda təhlil edəcəyik. Amma elə çatışmazlıqlar oldu ki, futbolçular onları aradan qaldırmalıdırlar".

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov nəticənin gözlənilməz olduğunu, rəqibə yazığı gəlmədiyini söylədi:


"Bizim üçün əsas olan qələbə qazanmaq idi. Nəticəni belə gözləmirdik. Hesabın o qədər önəmi yoxdur. Əsas odur ki, 3 xal qazandıq. İki komandadan biri qalib gəldi ki, güclü olan biz idik. Ancaq istənilən hesabda komandanın öz oyun prinsiplərinə sadiq qalması məni sevindirir. "Neftçi"yə gələcək matçlarda uğurlar arzulayıram”.

"Tarixi, kökü olan bir komandanın bu hala düşməsi, belə uduzmasına görə onlara yazığınız gəldi" sualını klub rəsmisi, belə cavablandırdı:

"Xeyr. İki komandanın mübarizəsində biri uduzub. "Neftçi"yə uğurlar arzu edir və inanıram ki, vəziyyətdən çıxa biləcəklər".

Çingiz Abdullayev hər dəfə qeyd edir ki, "Neftçi" ardıcıl 5 dəfə ölkə kubokunun finalına çıxıb və bunun ikisində "Qəbələ"ni mübarizədən kənarlaşdırıb. Bunu həmişə böyük bir uğur kimi qələmə verir.

"Qəbələ"nin vitse-prezidenti bildirdi ki, Çingiz Abdullayevin fikirlərinə böyük hörmətlə yanaşır:

"Yəqin statistikanı, faktı deyir. Olmuş bir şeydir, normal qarşılayırıq. Burda nə var ki?"

Klub rəsmisi, "Qarabağ" və "Qəbələ"nin darmadağınla qalib gəlməsi sizi narahat etmir ki? Çempionatda rəqabət yox kimidir" fikrinə münasibətini açıqladı:

"Sözsüz ki, çempionatda nə qədər güclü komanda, rəqabət nə qədər böyük olsa, inkişaf baxımından o qədər yaxşıdır. Ancaq bu gün reallıq budur və biz bunu qəbul etməliyik".

"NEFTÇİ"YƏ NƏ QƏDƏR QOL VURSAM, BUNU BAYRAM ETMƏYƏCƏM"

"Neftçi"ni "Qəbələ"yə dəyişən hücumçu Ruslan Qurbanov oyunun prinsipial xarakter daşımadığını vurğuladı:

"Mənim üçün heç bir prinsipiallıq yox idi. Bu, futboldur. Bu gün burdayam, sabah bilmirəm harda olacağam. Yeganə məqsədim özümü yaxşı tərəfdən göstərməkdir ki, baş məşqçi məndən razı olsun.

Mənim üçün çox təəssüfləndirici haldır ki, "Neftçi" belə uduzdu. Sözün düzü, bu nəticəni, bu qədər qol vuracağımızı gözləmirdim. Bu klubda yaxşı günlər keçirmişəm. Onların çörəyini yemişəm. Vurduğum qolu çılğınca qeyd edə bilməzdim. Çünki o komandanın azarkeşlərinə və rəhbərliyinə çox böyük hörmətim var. Bu, həmişə belə olacaq. Bu gün iki qol vurdum, sabah, o biri gün, hər nə qədər oynasaq və "Neftçi"yə nə qədər qol vursam da, bunu bayram etməyəcəm".

"ONLAR DAHA QEYRƏTLİ OYNAYARDI"

"Neftçi"nin məşqçisi Tofiq Mustafayev komandasının "Qəbələ" qarşısında aciz qaldığını etiraf etdi:


"Qəbələ" bizi bütün komponentlərdə üstələdi. Rəqibin hegemonluğu meydançada göründü. "Neftçi"nin fiziki durumunun pis olduğunu hiss etdim. Hamının müqaviləsi var və hər bir futbolçu maaş alır. Başa düşməlidilər ki, burda məsuliyyətli futbolçular çıxış etməlidir. Vəli Qasımovla ayrılmışıq, onunla əlaqə saxlamamışıq. Amma acı olsa da, düzgünlüyü demək lazımdır. Bu nəticə böyük biabırçılıqdır. Ancaq rüsvayçılıq gözlənilirdi. Əgər meydanda mübarizə yoxdursa, belə olmalıdır. Mən bu oyunda futbolçularda məsuliyyəti hiss etmədim.

Komanda qalib gələndə hamı təriflənir, uduzanda isə məşqçilər korpusu tənqid olunur. Deməli, hamımız günahkarıq. Baş məşqçi istefa versə, mən də verəcəyəm.

0:8 hesabı ilə uduzmamaq üçün birinci mübariz komanda yaratmaq lazımdır. Tam məsuliyyətimlə deyirəm ki, fiziki hazırlıq düzgün keçilməyib. Keçən il komandanı götürdük, həm fiziki, həm taktiki hazırladıq. Ötən ilki nəticələrlə builkini müqayisə edə bilərsiniz. Bütün günahı ispan məşqçimizin üzərinə atmaq istəmirəm. Bilmirəm, o, kimin istəyi ilə komandaya gəlib, amma fakt belədir.

Deməzdim ki, klubun yeni transferləri zəifdirlər, sadəcə vaxt lazımdır. O vaxt Subaşiçi "Neftçi"yə gətirəndə 6 ay oynamamışdı. Sonra özünə gəldi, yaxşı oyun göstərdi. Kluba gələn əcnəbilər onun tarixini bilməlidilər.

İnanmıram ki, futbolçular qəsdən uduzaraq rəhbərlik və məşqçilərə "quyu qazmaq" istəyiblər. Razıyam ki, əvəzedici heyət meydana çıxsaydı, onlar daha qeyrətli oynayardı. Onlarda motivasiya daha çox olar, gözləri yanardı. Bəlkə də, taktiki planda uduzacaqdılar, amma sona qədər döyüşəcəkdilər".

Məşqçi "Ruslan Qurbanov açıqlamasında ona "Neftçi"də it kimi davranıldığını deyib" fikrinə münasibətini bildirdi:

"Mən belə düşünmürəm. O, komandanın liderlərindən idi. Ruslana qarşı pis münasibət olmayıb".

"BU OYUN MÜSİBƏT İDİ"

"Neftçi"nin qapıçısı Kreşvan Santini bu oyunu müsibət adlandırdı:

"Bilmirəm nə deyim. Bu matç əsl müsibət idi. Karyeramın ən pis oyunu oldu. Mən həm öz adımdan, həm də komanda adından bütün azarkeşlərdən və neftçisevərlərdən üzr istəyirəm. Peşəkar futbolçunun öz işinə bu cür yanaşması qəbulolunmazdır. İkinci qola görə mən yenə də üzr istəyirəm. Mən fasilədə bu barədə komanda yoldaşlarıma da dedim. Düşünürəm ki, biz böhranın lap dibindəyik. Artıq bundan pis nəsə ola bilməz. Artıq bir yol var ki, o da yuxarı doğru hərəkət.

Azarkeşlərlə klub rəhbərliyi arasında problemin nədən qaynaqlandığını bilmirəm. Öz adıma onu deyə bilərəm ki, bu vəziyyətdən çıxmağa çalışacağıq. Həm də indi elə bir vaxtdır ki, biz getsək də başqa komandada oynaya bilmərik. Ən yaxşı halda qışa qədər gözləməliyik. Ancaq yenə də deyirəm ki, ilk öncə çalışıb bu vəziyyətdən çıxmaq lazımdır.

Baş məşqçinin oyunda olmaması belə bir məğlubiyyət üçün səbəb ola bilməz. Vəli müəllim haqqında xəbəri oyuna iki saat qalmış bildik. Komanda üçün şok effekti yaratdı, ancaq məğlubiyyətə səbəb kimi göstərilə bilməz. Vəli müəllimi sevindirmək istəsək də, alınmadı. Bizim bu cür oynamağımızı xəstəxanada eşidən baş məşqçidən üzr istəyirəm. Söz tapa bilmirəm. Biz onun etimadını və güvənini itirdik".

Qolkiper ilk hissədən sonra dəyişilməsi ilə bağlı "Mən ikinci hissəyə psixoloji olaraq hazır idim, ancaq bu, baş məşqçinin qərarı idi" deyib.

Anar, Ramil

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

Digər xəbərlər