QURBAN QURBANOV: "HƏYATDA QİSAS ALMAQ DAHA ASANDIR, NƏİNKİ İDMANDA" - VİDEO

QURBAN QURBANOV: "HƏYATDA QİSAS ALMAQ DAHA ASANDIR, NƏİNKİ İDMANDA" - VİDEO
Futbol, Video, Layihə, AFFA yanında Media Komitəsi
10 Sentyabr 2016 - 09:43
TƏRLAN ƏHMƏDOV: "FUTBOLÇULARI CƏZALANDIRSAQ, MEYDANA BURAXMAĞA OYUNÇU TAPA BİLMƏRİK"

Azərbaycan Premyer Liqasının 4-cü turunun startı darmadağınla başladı. "Qarabağ" AZAL-a 6 qol vuraraq, futbol dərsi keçdi. Ağdam klubu baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında ən böyük hesablı qələbəsini qazandı. 2008-ci ildən bu mütəxəssisə güvənən əyalət klubu nəinki son 8, hətta 13 ildə bu hesabla qalib gəlməmişdi.

dsc00958

"BELƏ FİKİRLƏŞSƏM, NƏSƏ ƏLDƏ EDƏ BİLMƏRƏM"


İlk olaraq oyun haqda danışan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, qələbəyə baxmayaraq komandasının səhvləri olduğunu bildirdi:

"Tərlan Əhmədova təşəkkür edirəm. Bu qarşılaşmanı AZAL-ın meydanında oynamalı idik. Ancaq onlar razılıq verdilər, burda oynadıq. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Bizi qarşıda vacib oyun gözləyir. Bu oyuna ciddi hazırlaşmalıyıq. Bir müddətdir komanda bir yerdə deyildi, vaxt azdır. Qalib gəlməyimizə baxmayaraq, ilk hissə bizə asan olmadı. Bu səhvləri aradan qaldırmalıyıq. AZAL-a gələn oyunlarda uğurlar arzulayıram".

Təcrübəli mütəxəssis, heç bir oyuna məşq kimi yanaşmadıqlarını qeyd etdi:

"Bu qələbəylə "Qarabağ"ın AZAL-a 2:6-lıq məğlubiyyətin əvəzini çıxdığını demək olar" sualına baş məşqçinin cavabı belə oldu:

"Ümumiyyətlə, heç bir komandaya qarşı qisas barədə düşünmürəm. Belə bir şey fikirləşsəm, nəsə əldə edə bilmərəm. Həyatda qisas almaq daha asandır, nəinki idmanda".

Zədəli Bədavi Hüseynovun növbəti oyunda iştirakının sual altında olduğunu deyən mütəxəssis, Aqolliyə isə millinin oyunlarıyla bağlı istirahət verdiyini söylədi:

"O, komandaya yeni qoşuldu. Yorğun olduğundan ona istirahət verdik".

"UEFA AÇ-2016-da iştirak edən oyunçulara görə klublara müəyyən məbləğ ödəyəcək. "Qarabağ"ı Aqolli Avropa çempionatında təmsil etdi. Bu məbləğin neçə faizi ona çatacaq” sualına Qurban Qurbanov, "Bu, çox az məbləğdir. Biz özümüz ona nə qədər lazımdır ödəyirik" (gülür) cavabını verdi.

"TƏKCƏ MƏN YAXŞI FUTBOLÇUYAM" DEMƏK DÜZGÜN DEYİL"

"Qarabağ"ın aparıcı fubolçusu Riçard Almeyda komandasının daha yaxşı oynamasının vacibliyini vurğuladı:

"Mən meydana öz işimi görürəm. Baş məşqçimiz  dediyi kimi, komandamızda hər bir futbolçu mövsümdən-mövsümdə oyun səviyyəsini artırmalıdır. Mən də bu tələbi doğrultmaq üçün həmişə məşqlərimi artırmağa çalışıram. "Qarabağ"da təkcə mən yaxşı futbolçuyam" demək düzgün deyil. Çünki bizdə hər mövqedə futbolçular bir-birinə kömək edir. Biz birlikdə güclüyük".

YENİ TRANSFERDƏN QOL VƏDİ

Ağdam təmsilçisinin hücumçusu Dino Ndlovu asan qələbə qazandıqlarını, ilk hissədə vurduqları 3 qolun oyunun taleyini həll etdiyini dedi:

"AZAL-a hörmətlə yanaşırıq, amma biz daha güclü idik. Əsas odur ki, 3 xal bizim oldu. Növbəti matçlar da fərqlənməyə çalışacağam. Mənim üçün komandaya uyğunlaşmaq çətin deyil. Düzdür, qol vurmamışam. Amma komandaya uyğunlaşmışam. Növbəti görüşlərdə qol vuracağıma inanıram".

OYUN PRAKTİKASI AZ OLAN RAHAT FUTBOLÇU

"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə bu oyunu yüngül məşq hesab etmədiyini diqqətə çatdırdı:

"Biz bütün oyunlara ciddi hazırlaşırıq. Düzdür, bu dəfə oyunumuz yaxşı alındı. Hər kəs düşünür ki, asandır, amma heç bir oyun belə deyil. Bizdə də çatışmamazlıqlar var idi. Demək olar ki, əlimizə düşən bütün imkanları, qola çevirə bildik.
Forma şansı qazandığıma görə, Qurban Qurbanova təşəkkürümü bildirirəm. Baş məşqçimiz nə zaman istəsə, oynamağa hazıram.
''Qarabağ''da elə bir sistem formalaşıb ki, oyun praktikan az olsa belə, özünü rahat hiss edirsən. Buna görə heç bir problemim yoxdur. Səhvlər çoxdur, çalışmaq lazımdır".

"BU MƏĞLUBİYYƏTDƏN DƏRS ALMALIYIQ"

"Qarabağ"a rüsvayçı məğlubiyyətu şərh edən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov, günahı özündə gördü:

"İlk dəfədir danışmağa çətinlik çəkirəm. "Qarabağ”ı təbrik edirəm. Qarşıdakı oyunda onlara uğurlar arzulayıram. Hamı istəyər ki, komandası qalib gəlsin. Məğlub olsa belə, yaxşı oyun nümayiş etdirsin. Ancaq komandanı tanıya bilmirdim. Bu məğlubiyyət bizə dərs olmalıdır. Gələn oyunlarda bu səhvləri təkrarlamamalıyıq. Məğlubiyyətə görə futbolçuları günahlandırmıram. Əsas məsuliyyət mənim üzərimə düşür. Yaxşı ki, çempionatın əvvəlində belə məğlubiyyətlə üzləşdik və zəif cəhətlərimizi gördük. "Qarabağ" hər cəhətdən bizdən üstündür. Sadəcə olaraq, biz çox zəif təsir bağışladıq. Komanda özünə bənzəmirdi. "Qarabağ" öz oyununu oynadı. Açığı, belə biabırçılığı gözləmirdim. Düşünürdüm ki, normal oyun olacaq. Ancaq gözlədiyimiz olmadı".

Futbolçulara cəza verməyəcəyini bildirən 35 yaşlı məşqçi, buna ehtiyac görmədiyini söylədi:

"Hər məğlubiyyətə görə, futbolçuları cəzalandırsaq, onda gələn oyunda meydana buraxmağa futbolçu tapa bilmərik. Mən də istəyərdim Ruslan Nəsirli oynasın. Onun burda olmaması məndən asılı deyil. Elə şeylər var demək olmur”.

"AZAL bir neçə il öncə "Qarabağ"ı 6:2 hesabıyla məğlub etmişdi. Düşünmürsünüz ki, Qurban Qurbanov bu məğlubiyyətin əvəzini çıxdı" sualını Əhmədov, belə cavablandırdı:

"Kimin nə düşündüyünü deyə bilmərəm. Məncə, belə fikirdə olmaz".

"MƏŞQÇİ MƏNƏ QADAĞA QOYMAYIB"

"Təyyarəçilər"in müdafiəçisi Ruslan Əmircanov hesabın inanılmaz olduğunu qeyd etdi:

"Bilirdik ki, bizi çətin oyun gözləyir. Oyundan öncə, belə bir nəticə ilə məğlub olacağımızı desəydilər, heç kim inanmazdı. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdə buraxdığımız qol, böyük hesablı məğlubiyyətin, əsas səbəblərindən biri oldu. Oyuna pis başladıq, erkən qol gördük qapımızda. Etdiyimiz səhvlər, uşaq futbolunda edilən səhvlər kimi idi. Biz bu oyuna gələndə, uduzmağı düşünmürdük. ''Qarabağ''ın güclü olduğunu bilirdik, lakin məğlub olmağa gəlmirdik. Bizə lazım olan nəticəni qazanmaq istəyirdik.

AZAL digər klublardan maliyyə cəhətdən zəif olsa da, kollektiv baxımından digər klublardan seçilmir. Heyətimiz cavan oyunçulardan ibarətdir, hamısı canavar kimidir. Hələ öz oyunumuzu tapa bilməmişik. Komandaya müəyyən bir vaxt lazımdır. Ötən il də AZAL uğursuz başlamışdı, lakin daha sonra komanda özünə gəldi. Keçən il AZAL, öz meydanında ''İnter''dən başqa bütün komandaları məğlub edib. Keçən il komanda, 5-6 tur qol vura bilmədi, daha sonra lazım olan nəticələri qazanmağa başladı. Müəyyən vaxtdan sonra, əvvəlki AZAL-ı görəcəksiniz".

"Sənə indiyə qədər hansısa məşqçi meyxana deməyi qadağan edib" sualına təcrübəli futbolçu, belə cavab verdi:

"Əsas futbolumu oynayıram. Məşqçi mənə deməyib ki, oyundan sonra restorana gətmə, çay içmə. Əsas futbolçunun gördüyü işdir. Məşqçi oyundan sonrakı işimə qarışmayıb".

Anar, Süleyman

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

Digər xəbərlər