RAMİN MUSAYEV: "DANIŞILMIŞ OYUNLARIN İŞTİRAKÇILARI ÇEMPİONATDAN KƏNARLAŞDIRILACAQ" - FOTO, VİDEO

RAMİN MUSAYEV: "DANIŞILMIŞ OYUNLARIN İŞTİRAKÇILARI ÇEMPİONATDAN KƏNARLAŞDIRILACAQ" - FOTO, VİDEO
Futbol, Video, Layihə, AFFA yanında Media Komitəsi
24 Avqust 2016 - 13:00
MUSA QURBANOV: "MƏQSƏDİMİZ PREMYER LİQAYA VƏSİQƏ QAZANMAQDIR"

Azərbaycanın futbol yarışları ilə bağlı layihəmiz davam edir. Bu dəfə birinci diviziona diqqət ayırdıq.

AFFA-nın binasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klubların iştirakıyla bu liqanın püşkatma mərasimi keçirildi. Birinci divizionda 14 komanda iki dövrədə mübarizə aparacaq.
Püşkdən sonra ilk turda qarşılaşacaq cütlüklərə aydınlıq gəldi.

pushkbir


7-8 sentyabr

"Rəvan" – "Turan Tovuz"

"Zaqatala" – "Şahdağ"

"Şəmkir" – "Şərurspor"

"Bakılı" – "Ağsu"

"Mil-Muğan" – "Səbail"

MOİK – "Energetik"

"Qaradağ Lökbatan" – "Göyəzən"
DSC00495

DSC00436

Birinci liqanın ardıcıl iki il qalibi olan "Neftçala" klubu dağıldığı, "Bakı" və "Şuşa" komandaları bank təminatı vermədiyindən yarışa qatılmayacaq. Bu haqda PFL prezidenti R.Musayev məlumat verdi.

"GÜNAHKAR AFFA VƏ PFL DEYİL"

PFL rəhbəri, birinci divizon təmsilçilərinin Premyer Liqaya gələ bilməməsində klubları qınadı:

"Bir neçə ildir birinci divizion klublarının Premyer Liqaya gələ bilməməsi ənənə halını alıb. Bunun günahı nə AFFA-da, nə PFL-dədir. Bu, klublarla bağlıdır".

Onun sözlərinə görə, bu il Premyer Liqanı bir klub tərk edəcək və birinci diviziondan isə 3 komanda elitaya yüksələcək:

"Klublar indidən işlərini qaydasına salmalıdır. Şəxsən "Neftçala"nın çempionatdan uzaqlaşmasının əleyhinə oldum. Təəssüf ki, bir-iki sənədə görə komanda dağıldı".

Ramin Musayev diviziondakı limit məsələsinin Premyer Liqaya uyğun olacağını qeyd etdi:

"Limit məsələsini də qaldırdım və müsbət cavab aldım. Birinci divizionda limit Premyer Liqadakı kimi olacaq. Bu, komandaların elitaya hazırlaşması üçün atılan addımdır".

"O ZAMAN RƏHBƏR OLSAYDIM, QANUNU POZARDIM"

Ramin Musayev bildirdi ki, yeni komandaların yaranmasının futbolçulara faydası olacaq:

"Futbolçu futbol oynamalı, şərait yaradılmalııdr. Bir vaxtlar Rəşad Sadıqov bir saatın qurbanı oldu, futboldan uzaqlaşdırıldı və 1 il basketbol oynamaq məcburiyyətində qaldı. Ancaq o zaman mən rəhbər olsaydım qanunu pozaraq Rəşada futbolu davam etdirməyə imkan verərdim.
Bir komandanın olması 40 ailənin çörək qazanması deməkdir. Bu, savabdır, bunun nəyi pisdir? Buna görə "Səbail"ə təşəkkür edirəm ki, sponsor tapıb klub yaratdılar. Bəzən deyirlər ki, qanunu pozuram. 13 komanda olsaydı, iştirakçılardan biri hər tur istirahət edəcəkdi".

PFL prezidenti bəzi komandalara köməklik etdiyini söylədi: "Göyəzən"ə kömək etmişəm. "Şəmkir"i mən dağılmağa qoymamışam. "Şuşa"nı da mən qurmuşdum. Bu vətənin çörəyini yeyiriksə, borcumuzdur. Bunu kiminsə başına qaxanc etmirəm. 14 komandanın hamısı dostumuzdur. Pis qəbul etməyin, mən olmasaydım indi "Turan Tovuz" yox idi. Biz bir düşmənimiz var, o da ölkədən kənardadır. Futbol bölgələrdə inkişaf etməlidir".

"FUTBOLÇULARA YALVARDIM Kİ, MEYDANA ÇIXIN"

R.Musayev əvvəlcə 300 min bank təminatı verməyən komandaların liqaya buraxılmayacağını demişdi. Bu dəfə PFL rəhbəri belə danışdı:

"Energetik"in sponsoru icra başçısıdır. Pul məndə seyfdədir, istəyirsiniz göstərim. Şübhəmiz olan bütün klublardan pul almışam. "Turan Tovuz"u biz maliyyələşdiririk, ondan mən necə pul alım? Məsələn, "Şuşa" təminat verə bilmədi, buraxmadıq. "Bakı"nın təminatına şübhəmiz var idi, qəbul etmədik. Müdafiə nazirimiz MOİK-ə tapşırıq verib ki, oynayıb, Premyer Liqaya vəsiqə qazansın. Neçə illərdir yarışda iştirak edən "Şahdağ"dan da bank təminatı aldım. Ötən mövsüm bir tur meydana çıxmadı. "Səbail"in sponsorunu tanıyıram, ondan mən necə təminat alım? Bu komanda Premyer Liqaya vəsiqə üçün mübarizə aparacaq. "Bakı"nın sponsoru yoxdur, bunu rəhbərlik deyir. Bu halda mən ondan necə təminat alım? Hafiz müəllimdən söhbət gedirsə, ona böyük hörmətim var. "Bakı"nın ötən il bank təminatı olsa da, bu il yoxdur".

"Şahdağ"ın baş məşqçisi Adil Mahmudov komandasının bir turun oyununa çıxmamasının səbəbini açıqladı:

DSC00448

"Ötən mövsüm "qara qüvvələr" "Şahdağ"ın "Şərurspor"la oyununun baş tutmaması üçün çalışmışdı. Mənim məşqçiliyim dövrümdə komanda 9 tur məğlubedilməz idi. Bunu qəbul etmək istəməyənlər bir oyunun baş tutmamasına cəhd göstərmişdi. Qarşılaşmadan əvvəl hətta futbolçulara yalvardım ki, meydana çıxmaq lazımdır, bu, bizim adımıza ləkədir. Heç bir maddi problem yox idi".

Buna görə Ramin Musayev, Kamran Əlibabayevin günahkar olduğunu, ona yaxın futbolçuların meydana çıxmadığını söylədi.

"Bəzi komandaları tanıyırıq və təminata ehtiyacımız yoxdur" deyirsiniz. Bu halda əsasnamə nəyə lazımdır" sualını PFL rəhbəri belə cavablandırdı:

"Bu əsasnamədə qeyd olunub. Diqqətlə oxusanız görərsiniz ki, belə hallar PFL-in ixtiyarındadır. Yarışı keçirən mənəm və səlahiyyətim çatır ki, kimlərdən təminat ala bilərəm, kimlərdən yox".

GÜZƏŞTSİZ ÇEMPİONAT

Musayev çempionat zamanı heç bir komandaya güzəşt olmayacağını vurğuladı:

"Çempionat ərzində heç bir komandaya güzəşt olmayacaq. Mənim nəzarətə götürdüyüm "Mil-Muğan"a da. Komandanın baş məşqçisi Aqil Məmmədov bacarığını ortaya qoymalıdır".

"ONLARI ÇEMPİONATDAN UZAQLAŞDIRACAĞIQ Kİ, DİGƏRLƏRİNƏ DƏRS OLSUN"


PFL prezidenti, danışılmış oyunların qarşısının alınması üçün mübarizə aparıldığını və şübhəli qarşılaşmaların iştirakçısı olacaq komandalara sərt cəza veriləcəyini diqqətə çatdırdı:

"Bizdə danışılmış oyunlarla bağlı ekspert komissiyası var. Şəxsən "Qaradağ Lökbatan" – "Şərurspor" oyununda nümayəndələrimiz var idi. Bizə də maraqlıdır bu faktı sübut edib, onları çempionatdan uzaqlaşdıraq ki, digərlərinə də dərs olsun.
Bəzi komandalar məğlub olanda rəhbərlik qarşısında bəraət qazanmaq üçün günahı hakimlərin üstünə atır. Udanda siz udursunuz, uduzanda mən günahkar hesab olunuram. Buna son qoymaq lazımdır".

VERGİYƏ GÖRƏ İMTİNA

Diviziona sponsor danışıqları olduğunu, ancaq alınmadığını deyən R.Musayev, bu mövsüm də oyunların canlı yayımlanacağını bildirdi:

"Çox ciddi bir şirkət sponsorluq etmək istəyirdi. Sadəcə, vergiyə görə imtina etdilər.
Çalışacağıq ki, maraqlı oyunlar yayımlansın. Elə matçlar var ki, həmin görüşələrə maraq yoxdur. Hansı ki, həmin oyunlarda milliyə namizəd futbolçular var. Bu cür qarşılaşmaları göstərmək marağındayıq".

"ZAQATALA FUTBOLUNUN ŞÖHRƏTİNİ QAYTARMALIYIQ"

DSC00502

Supersport.Az-a açıqlamasında "Zaqatala" klubunun prezidenti Musa Qurbanov komandasının iddialı olduğunu söylədi:

"Məqsədimiz Zaqatala futbolunun əvvəlki şöhrətini qaytarmaq, imkan olduqca daha da irəli getməkdir. Birinci divizionda yüksək nəticə göstərib Premyer Liqaya vəsiqə qazanmaq istəyindəyik. Buna uyğun olaraq komandamıza futbolçular cəlb olunub. İnşAllah istəyimizə nail olacağıq".

Baş məşqçi Şaban Şirdanov komandasını avqustun ilk günündən birinci liqaya hazırlayır. "Zaqatala" heyətinə "Neftçi", "Bakı", "Qəbələ"də çıxış etmiş təcrübəli futbolçular transfer edib. Ruslan Tağızadə, Vadim Abdullayev də onlar sırasındadır. Avqustun 27-də Zaqatala klubu Bakıya gəlməyi, bir həftə ərzində üç yoxlama oyunu keçirməyi planlaşdırıb.

"ÖLÜM HADİSƏSİ KOMANDAYA ÇOX TƏSİR EDİB"

Klub rəhbəri Musa Qurbanov dedi ki, komandanın nigeriyalı futbolçusu Maykl Umanyikanın ölümü futbolçulara mənfi təsir edib:

"Bu, komandaya çox mənfi təsir göstərib. Futbolçularda ruh düşkünlüyü yaranıb. Zaman getdikcə bunun aradan qaldırılacağını düşünürəm".

"BİRİNCİ DİVİZİON BU BAXIMDAN PREMYER LİQADAN GERİ QALMAYACAQ"

"Zaqatala"nın prezidenti birinci divizionun mübarizə baxımından Premyer Liqadan geri qalmayacağını düşünür:

"Rəqiblər haqda da məlumata malikik. MOİK, "Səbail", "Mil-Muğan", həmçinin Əsgər Abdullayevin baş məşqçisi olduğu "Turan Tovuz" yaxşı heyət formalaşdırıb. "Ağsu" ötən mövsüm güclü təsir bağışladı. Düşünürəm ki, gərgin mübarizə gedəcək. Birinci divizion bu baxımdan Premyer Liqadan geri qalmayacaq. Elitada daha səviyyəli futbolçular çıxış edir, çox legionerlər var. Ola bilər ki, birinci divizion səviyyə baxımından Premyer Liqadan geri qalsın. Ancaq mübarizəyə görə yox".

İlk oyunda "Zaqatala" Qusarın "Şahdağ" klubunu qəbul edəcək.

"Birinci tur üçün püşkün nəticəsini uğurlu sayıram. Ona görə ki, öz meydanımızda oynayacağıq. Bütün rəqiblərə hörmətlə yanaşırıq, heç birini zəif hesab etmirik" - deyə, "Zaqatala"nın prezidenti bildirdi.

Anar, Ramil

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Digər xəbərlər