VƏLİ QASIMOV: "NEFTÇİ" "QARABAĞ"DAN ÇƏKİNMİR" - YAZI, ŞƏKİLLƏR, VİDEO

VƏLİ QASIMOV: "NEFTÇİ" "QARABAĞ"DAN ÇƏKİNMİR" - YAZI, ŞƏKİLLƏR, VİDEO
Futbol, Layihə, AFFA yanında Media Komitəsi
21 Avqust 2016 - 02:20
Azərbaycan Premyer Liqasının üçüncü turunun mərkəzi qarşılaşmasında bütün ölkə çempionatlarının iştirakçıları "Neftçi" və "Qarabağ" üz-üzə gələcək. Son 6 mövsümdə hərəyə 3 dəfə çempion olan komandalar 65-ci duelə çıxacaq. Ağdam təmsilçisi son 2 görüşdə qələbə qazanıb. Paytaxt klubu 6 oyundur səfərdə qalib gəlmir. Bakılılar son 12 oyunda yalnız 1 dəfə rəqibini üstələyib.
Ümumi statistikaya nəzərə yetirdikdə "Qarabağ" "Neftçi"dən öndədir. İndiyə qədər keçirilən 64 qarşılaşmada Ağdam klubu 22 dəfə qələbəyə sevinib, 64 qol vurub, 60-nı buraxıb.
Paytaxt komandasına gəlincə, 18 oyunda meydandan 3 xalla ayrılıb, 24 matçda isə qalib müəyyənləşməyib.
Ağdam klubunun stadionu – "Azersun Arena"nın ot örtüyü yeniləndiyindən "Qarabağ" – "Neftçi" qarşılaşması "Əlincə Arena"da baş tutacaq. Oyunun startı bu gün saat 20:00-da veriləcək.
Qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Mehman Mahmudov yerinə yetirəcək.

Supersport.Az-ın müxbiri qarşılaşma əvvəli "Neftçi"nin məşqini izləyib, klubun baş məşqçisi və kapitanından açıqlama alıb. Ötən tur məğlubiyyətlə üzləşməsinə baxmayaraq, paytaxt komandasının futbolçularının mərkəzi görüşə yüksək əhval-ruhiyyədə hazırlaşması diqqətdən yayınmayıb. Klubun məşqini icraçı direktor Elnur Məmmədov da izləyib.


DSC00393

"KOMANDAMIZ ŞOKDAN ÇIXIB"

Bakı təmsilçisinin baş məşqçisi Vəli Qasımov komandasının Ağdam klubu ilə oyuna hazır olduğunu bildirib.
Onun sözlərinə görə, ötən turdaki məğlubiyyət komandada şok effekti yaratsa da, vəziyyət düzəlib:
"Təəssüf ki, ötən tur "Zirə"yə məğlub olduq. Top futbolçumuzun ayağına dəyərək, qapımıza daxil oldu. Ümumiyyətlə, komandamız meydanda yaxşı mübarizə aparıb, rəqibdən üstün oynadı. Çox sayda qol imkanları yaratsa da, fürsətləri boşa verdi. Futbolda belə deyim var ki, vurmayana vurarlar. Biz də bu aqibətlə üzləşdik. Komandamız məğlubiyyətdən sonra çox çətin vəziyyətə düşmüşdü. Bununla belə, futbolçularımız şokdan çıxa bilib və qarşıdakı oyuna ciddi hazırlaşıb. Artıq "Zirə"yə məğlubiyyət unudulub, bütün diqqət "Qarabağ"la qarşılaşmaya yönəlib".

Məğlubiyyətin özünə də mənfi təsir etdiyini söyləyən çalışdırıcı, "Əlbəttə ki, məğlubiyyəti yaddan çıxarmaq çox çətindir. Çalışıram ki, ruhdan düşməyim" deyib.

DSC00407DSC00406

"RƏQİB FAVORİT OLSA DA, BİZİ QƏLƏBƏ DÜŞÜNDÜRÜR"

"Neftçi"nin məşqçisi futbolçularının "Qarabağ"dan çəkinmədiyini və yüksək səviyyədə mübarizə aparacağına inandığını qeyd edib:

"Sözsüz ki, "Qarabağ" ölkənin ən güclü komandasıdır. Rəqib əsasən usta və təcrübəli futbolçulardan təşkil olunub, üç ildir ki, sabit heyətlə oynayır. Bütün üzvləri yüksək səviyyədə hazırlıqlıdır. "Qarabağ" həm Avropa Liqası, həm də Premyer Liqada mübarizə aparır. Azərbaycan çempionatında oyunlar fərqli olur. Komandamız rəqibdən qəti çəkinmir, qorxmur, hörmətlə yanaşır. "Qarabağ" qarşılaşmanın favoriti olsa da, futbolçularımız bu oyunda meydana yalnız qələbə üçün çıxacaqlar".

V.Qasımov çempionatda komandasının minumum məqsədinin üçüncü yeri tutmaq olduğunu diqqətə çatdırıb:

"Komanda tədricən oyununu gücləndirəcək. Bilrisiniz ki, heyətə yeni futbolcular da cəlb olunub. Ümid edirəm ki, komanda getdikcə oyununu daha da yaxşılaşdıracaq".

KAPİTAN "HƏVƏSDƏN DÜŞMƏK OLMAZ" DEYİR

araz

DSC00405DSC00404

"Neftçi"nin kapitanı Araz Abdullayev "Qarabağ"la görüşdə qalib gəlmək üçün bütün güclərini sərf edəcəklərini vurğulayıb.

Təcrübəli futbolçu hesab edir ki, komandası həvəsdən düşməməlidir:

"Son oyunda məğlub olsaq da, çətin vəziyyətdən çıxmağa çalışmışıq. Futbolda qələbə də, uduzmaq da olur. Mən deməzdim ki, komandamız şoka düşmüşdü. Həvəsdən düşmək olmaz, çempionat yeni başlayıb.
Qarşıdakı oyuna da ciddi hazırlaşmışıq. Statistik göstəricilərdə rəqibin üstün olmasının bizə heç bir mənfi təsiri yoxdur. Qarşılaşmaya qələbə əzmilə çıxacağıq. İnanıram ki, "Qarabağ"la qarşılaşmada meydanda fərqli "Neftçi" görəcəksiniz”.

"NEFTÇİ"DƏ İTKİ

"Qarabağ"la oyuna "Neftçi" itki ilə çıxacaq. Məşqlərdən birində paytaxt klubunun gənc futbolcusu Murad Ağayev ciddi zədə alıb.

DSC00413DSC00416

Ramil

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Digər xəbərlər