RIO-2016: DEMYANENKODAN GÜMÜŞ MEDAL

RIO-2016: DEMYANENKODAN GÜMÜŞ MEDAL
Olimpiya, Rio-2016, Digər
18 Avqust 2016 - 18:00


Bu gün Rio Olimpiadasında 2 avarçəkənimiz finalda mübarizə aparıb. Supersport.Az saytının məlumatına görə, yığmamızın liderlərindən Valentin Demyanenko gümüş medal qazandığı halda, İnna Osipenko-Radomskaya həlledici mərhələdə sonuncu olub.

Belə ki, start xəttinə ilk olaraq dünya və Avropa çempionumuz Valentin Demyanenko çıxıb. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə sürətini yoxlayan milliləşdirilmiş legionerimiz finalda Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Yuri Çeban (Ukrayna), Andrey Kraytor (Rusiya) və Tomas Simartla (Fransa) yarışıb.

Həlledici mərhələ Yuri Çebanın qələbəsi ilə başa çatıb. O, finiş xəttini yeni Olimpiya rekordu - 39,279 saniyəyə qət edib. Həmyerlisindən 0,214 saniyə geri qalan kanoeçimiz gümüş medalla kifayətlənib. İlk "üçlüyü" İsak Keyroş Dos Santos (Braziliya) tamamlayıb - 39,628 saniyə.

İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə 500 metr məsafədə mükafatçılar sırasına düşməyə çalışıb. Lakin o, bunu bacarmayıb. Final mərhələsində Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Dalma Ruziçiç Benedek (Serbiya) ilə mübarizə aparan təmsilçimiz finiş xəttini sonuncu keçib.

1 dəqiqə, 56,573 saniyə nəticə göstərən Osipenko-Radomskaya çempion Kozakdan 4,079 saniyə geri qalıb. Gümüş medalı Yorqensen, bürüncü isə 200 m məsafəyə yürüşdə birinci olan Karrinqton qazanıb.

Qeyd edək ki, bununla da avarçəkənlərimizin Riodakı çıxışı yekunlaşıb. Yarışda Aleksandr Aleksandrov – Boris Yotov dueti (akademik avarçəkmə, 2000 m) 12-ci, Yure Meqliç (kanoe-slalom) 14-cü yeri tutub.

 

Digər xəbərlər