TEYMUR MƏMMƏDOV "VƏTƏNƏ OLİMPİYA ÇEMPİONU KİMİ QAYITMAĞA ÇALIŞACAM"
Olimpiya, Rio-2016
08 Avqust 2016 - 12:27
"Vətənə Olimpiya çempionu olaraq qayıtmağa çalışacağam. Olimpiadaya qələbə ilə başladığıma görə çox sevinirəm".
Supersport.Az xəbər verir ki, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarında 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz, millimizin bayraqdarı Teymur Məmmədov deyib.
“İlk döyüş həmişə çətin olur. Həm də Ukrayna idmançısı zəif rəqib deyildi. Söz verirəm, döyüşdən-döyüşə daha yaxşı nəticə göstərəcəyəm. Paradda doğma Azərbaycanımızın bayrağını aparmaq mənim üçün çox böyük şərəf oldu. Mən bayrağımızdan güc aldım. Bəzən deyirlər bayrağı daşımaq və ümumiyyətlə, açılış paradında stadionda saatlarla ayaq üstə qalmaq fiziki yorğunluq yaradır və yarış zamanı təsirini göstərir. Lakin tam səmimiyyətlə deyirəm ki, açılışda bayrağı aparmaq Olimpiadaya qələbə ilə başlamaq üçün mənə əlavə güc verdi. Bugünkü qələbəm isə qarşıdakı döyüşlərdə daha əzmkar mübarizə aparmağa stimul oldu. İnanıram ki, növbəti döyüşlərdə daha böyük qüvvə ilə döyüşəcəyəm və finaladək yüksəlib çempion olacağam. Mən Londonda qazandığım bürüncü burada qızıla çevirmək istəyirəm” deyə T.Məmmədov bildirib. (azərtac)