13 SANİYƏYƏ ÜLVİYYƏT ZİRVƏSİNƏ

13 SANİYƏYƏ ÜLVİYYƏT ZİRVƏSİNƏ
Ulduz
20 Fevral 2009 - 11:00


[caption id="attachment_41810" align="alignnone" width="300"]лªÉçÕÕƬ£¬±±¾©£¬2008Äê8ÔÂ11ÈÕ £¨±±¾©°ÂÔË£©£¨1£©ÈáµÀ¡ª¡ª°¢Èû°Ý½®Ñ¡ÊÖ¶áµÃÄÐ×Ó73¹«½ï¼¶½ðÅÆ 8ÔÂ11ÈÕ£¬°¢Èû°Ý½®Ñ¡ÊÖÒ¶¶ûŬ¶û¡¤ÂíÂíµÂÀû£¨ÉÏ£©ÔÚ±±¾©¿Æ¼¼´óѧÌåÓý¹Ý¾ÙÐеı±¾©°ÂÔË»áÄÐ×ÓÈáµÀ73¹«½ï¼¶¾öÈüÖÐսʤº«¹úÑ¡ÊÖÍõÆå´º»ñµÃ¹Ú¾ü¡£ лªÉç¼ÇÕßÎâÏþÁèÉã Həsrətlərə son qoyan çempion[/caption]



BATI YAR

O anı yaşamayanlara, o anda ürəyinin necə kövrəlib döyündüyünü, gözlərinin qürurdan dolduğunu, tüklərinin biz-biz olduğunu hiss etməyənlərə bu hissləri başa salmağın yəqin ki mənası yoxdur. Bəli, bu hissləri anlatmaq mümkün deyil: onu ancaq yaşamalısan.


11 avqust. Mükfatlandırma mərasimi. "Neftçi" İdman Sağlamlıq Mərkəzinin yetirməsi Elnur Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxır.
Budur, ölkə başçısı özü mükafatın rəmzi olan qızıl medalı idmançımızın boynundan asır. Qürürlu ürək «var millətimin imzası imzalar içində» pıçıldayıb fərəhlənir. Və nəhayət, Azərbaycan himninin sədası ətrafa yayılır. Dediyim o an elə burdan  başlayır...
Bəli, bu hissələri anlatmaq mümkün deyil: onu ancaq yaşamalısan. O anı yaşamayanlara, o anda ürəyinin necə həyəcanla döyündüyünü, gözlərinin qürurdan dolduğunu, tüklərinin biz-biz olduğunu his etməyənlərə bu hissləri başa salmağın yəqin ki mənası yoxdur.
Görəsən, o an qəhrəmanımızın özünün qəlbindən hansı hisslər keçirmiş.
Azərbaycan himni səslənir. Bayaqdan təmkinini itirməyən və əsl qaliblər kimi, həyəcanlı olsa da, ucalığın zirvəsindən aşağı baxan Elnurun gözləri dolur, boşalır. Əlbəttə, fərəhdir onu doluxsunduran.
Bəs, o kövrələn çöhrəyə qəfil hopan bu məğrurluq qüdrətini hardan alıb?
Hə, bu da həmin fətholunmaz, dərkolunmaz zirvədir. Ordan ancaq yaşayanlar bilər...
«O an hansı hissləri keçirirdin?» ənənəvi sualının heç yeri deyil. Axı, o zirvədə hissiyyat olmur ki, onu danışa, anlada biləsən. Bir də o vaxt ayılırsan ki, musiqi sədası qurtarıb və qəhrəmanın şərəfinə alqışlar qopur. Hansı hissiyyatdan söhbət gedə bilər.
Bax, bu qəhrəmanlıq zirvəsidir. Elə bir ülvi zirvə ki, ora qalxanlar bir daha enməz - eynən bayraqlar kimi.
Necə ki, Zemfira, Namiq, Fərid ucalıb Azərbaycan olimpinin zirvəsinə və əbədi məkan qazanıblar orda.
Elnur hələ qazandığı uğurun qanadlarındadır. Yerə bir müddət sonra tam dincəlib sevinc payını yaşayandan, ardınca yorğunluğunu tam çıxarandan sonra enəcək. Yenə ağır məşqlər, yarışlar. Həyat adiləşib əvvəlki qaydası ilə davam etməyə başlayanda. Yəqin elə o vaxt arxayın, ətraflı və ən əsası, dəqiq və detallı söhbət etmək olacaq onunla.
Hələliksə, tanış olun qəhrəmanımızla.

Dosyesi hər bir idmançı kimi, cəmi bir neçə sətirə yerləşir:
Doğum tarixi: 29 iyun 1988
Doğulduğu yer: Bakı.
Boyu: 175 sm.
Çəkisi: 73 kq.
Məşqçisi: Yaşar Allahverdi.
Təmsil etdiyi cəmiyyət: “Neftçi”.
Titulları: Cüdo üzrə idman ustası, yeniyetmələr arasında qitə birinciliyinin qalibi (2004), Avropa çempionu (2006, 2008), dünya çempionatının gümüş medalısı (2007), olimpiya çempionu (2008).
«Şöhrət» ordeni ilə təltif olunub.
Minlərlədir belə sətirlər. Elə söyləyə biləcəyi həyat hekayəsində də qeyri-adi heç nə yoxdur. Adi azərbaycanlı ailəsində dünyaya göz açıb. Sevindirib, sevilib, sevib. Hamı kimi böyüyüb, məktəbə gedib.
- O vaxt Bakıxanovdakı Respublika Olimpiya İdman Liseyində oxuyurdum. Bir gün gəlib dedilər ki, cüdo sinfinə uşaq yığılır, istəyən müraciət edə bilər. İçimdə nəsə həvəs oyandı və özümü sınamaq qərarına gəldim. İlk məşqçim Yaşar Allahverdi oldu. Elə indi də bütün yarışlara onun başçılığı ilə hazırlaşıram. Cüdoya gəlişim 1996-cı ildə belə olub.
O vaxt Elnurun cəmi 8 yaşı var idi. Kim nə bilərdi ki, o gələcəyin olimpiya çempionudur? Hətta elə ilk vaxtlardan yetirməsində istedad görmüş Yaşar Allahverdi də bilmirdisə bunu, başqasından soruşmağa ehtiyac varmı?.
Elnuru ilk dəfə 2004-cü ildə görmüşdüm. İstedadına şübhə ola bilməzdi. Təkcə bütün rəqiblərindən seçilmirdi. Ümumən zalda onun kimi «dırnaqlı» cəmi 3-4 yeniyetmə olardı. Uğuru tək istedadı ilə deyil, necə deyərlər, dırnaqları və ağlı ilə ram edirdi.
Amma bu, başlanğıc deyildi. Görək özü nə deyir:
- 2003-cü ildə keçirilən yeniyetmələr arasında Azərbaycan birinciliyində bütün rəqiblərə qalib gəlib, 1-ci yeri tutdum. Açığı, bundan sonra özümə inanmağa başladım, ruhlandım. Qələbə hər şeyə təkan oldu. 2004-cü ildə isə bir daha yeniyetmələr arasında çempion olanda, əsas yığma komandanın baş məşqçilərinin diqqət mərkəzinə düşdüm. O vaxt Türkiyədə “A” kateqoriyalı yarışda da fərqləndim və milliinin baş məşqçisi Ağayar Axundzadə Olimpiya Oyunlarının həyəcanını yaşamaq üçün, izləyici kimi, Afinaya apardı. Möhtəşəm idi hər şey, içimdə o zirvələri fəth etmək istəyi oyandı.
Elnurun zirvə fəthində əməyi olmuş millinin sükançısı Ağayar Axundzadə deyir:
- Elnur adi idmançılardan deyil. O ikiqat Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısıdır. Elnurun çəkisində 33 idmançı var idi. Özünüz də, yəqin, gördünüz, az qala hər biri çempion olmağa iddialı idi. Elnur hamıdan üstün olduğunu tatami üzərinə çıxıb göstərdi. Və 73 kq-da AVROPA CÜDOÇULARININ İLK TİTULUnu qazandı.
Bəli, bir gün Elnurun da günəşinin parlayacağı aydın idi - çoxdan üfüqdə parlamağa başlamışdı. Fitri istedada işgüzarlıq, böyük ehtiras da əlavə olunsa, uğuru təşkil edən komponentlər tam mənzərə yaradar.
O, zirvəyə qəfil yüksəlmədi, addım-addım yaxınlaşdı.
2006-cü il Avropa çempionatı hər şeyə nöqtə qoydu - qəti qərar verildi. Elnur “köhnə dünya”da 18 yaşında böyüklər arasında çempion tituluna yiyələnən İLK TATAMİ UTASI oldu. Avropa şok içində idi. Turnirdən sonra yad ölkələrdən ona şirnikdirici təkliflər də gəlməyə başladı. Amma Elnur, bu ölkənin hər bir istedadlı oğlu kimi, Vətənə əbədi tellərlə bağlıdır:
- Qitə çempionatından sonra bir çoxları gənc olduğumu görüb, məni ölkələrinə dəvət etmək istədilər. Amma mənim üçün zəhmət çəkib qalib gəldiyim döyüşlərin mükafatı kimi öz dövlət himnimizə qulaq asmaqdan böyük zövq yoxdur.
Təsəvvür edin ki, 18 yaşlı gənc deyir bu sözləri. Necə də «əhsən» deməyib, fəxr etməyəsən bu torpağın istedad yetişdirmək bacarığı ilə. Özü də onu nəzərə alın ki, Elnur əksər qəhrəmanlarımız kimi danışmağı sevmir. Hələ indi-indi öyrəncəli olmağa başlayıb mikrofonlara.
Zirvəyə növbəti addım onun daha bir nailiyyəti oldu. 14 ildən sonra ölkəmizə dünya çempionatlarının gümüş medalını o gətirdi. Elə o vaxt olimpiya lisenziyasını qazanan ilk cüdoçumuz oldu.
Bu, Braziliyanın Rio de Janeyro şəhərində baş verdi. 25-ci dünya çempionatında Pekinə vəsiqə qazanmaq üçün ilk 6 pillədən birini tutmaq lazım idi. Elnur kanadalı Nikolas Tritonun, ardından ev sahibi Leandru Gelşeyrunun, sonra latış Vsevolods Zelonidisin zirvəyə yolunu kəsdi. Almaniyalı Robert Gess gənc idmançımıza ancaq dəqiqə yarım tab gətirdi. Yarımfinalda türkiyəli Sezər Huysuz sıradan çıxarıldı və həlledici qarşılaşmada koreyalı Çun Ki Vanqonun təcrübəsi üstün gəldi. Amma Elnur daha bir uzun həsrətə son qoydu. Son dəfə 1993-cü ildə Kanadanın Həmilton şəhərində dünya ikinciliyinə Nazim Hüseynov (60 kq) nail olmuşdu. Ondan sonra Elxan Rəcəbli  (81 kq), Rəsul Səlimov (90 kq, hər ikisi - 2001-ci il), Mövlud Mirəliyev (+100 kq, 2003-cü il), Nicat Şıxəlizadə (60 kq, 2005-ci il) yalnız 3-cü pillə ilə kifayətlənmişdilər.
Bəli, tale elə gətirib ki, Elnur cüdomuzun fəxri Nazim Hüseynovla üz-üzədir. Onunla qiyabi yarışa çıxıb. Elnurun qarşısında daha bir fəth olunacaq «Nazim zirvəsi» olimpiya oyunları idi.
Amma o vaxtadək qəhrəmanımız Avropa zirvəsini bir daha fəth etdi. Bu ona inam gətirdi, bizə isə onun gücünə, potensialına və imkanlarına əminlik.
«Bu il hazırlıq səviyyəm çox yüksəkdir. Ona görə, qitə çempionatında da mükafat ardınca gedirdim» deyən qəhrəmanda özünəinam artsa da, yarışdan qabaq məsuliyyəti dərk edirdi:
- Olimpiadaya ümidlərim böyük idi. Amma, təbii ki, hər dörd ildən bir keçirilən turnirdə uğur şərəfli olduğu qədər də ağır qazanılandır.
Pekin tatamisində keçirdiyi ilk 2 görüşdən sonra onun finala qədər irəliləməsində heç bir şübhə yox idi. Çünki Dirk van Tixelt (Belçika) və Konstantin Semyonov (Belarus) üzərində təmiz qələbələr cüdoçumuzun çox soyuqqanlı, psixoloji və fiziki cəhətdən yüksək hazırlıq səviyyəsində olduğunu üzə çıxardı. 1/4 finalda Kim Çol Su (KXDR) ilə görüşdə hakimlər 54-cü saniyədə təmsilçimizin “ippon”unu qeydə almasalar da, Elnur ruhdan düşməyərək bir qədər sonra növbəti uğurunu gerçəkləşdirdi. Rəqibini çətin vəziyyətə salan gələcək çempion, saxlama fəndi ilə qalib gəlib. Sonra cüdoçumuzun önündə cənublu Əli Malomat da tab gətirə bilmədi.
Və nəhayət, həlledici an - final mərhələsi! Digər tərəf müqabilləri ilə müqayisədə koreyalı Ki Çun Vanq ilə qarşılaşma Elnur üçün daha asan keçdi. O, dünya çempionatında qızıl medalı əldən verib onu Azərbaycan idmanı tarixinə yeni sətirlər yazmaqdan məhrum edən asiyalı tatami ustasına cəmi 13 saniyə içində «ippon dərsi» keçdi.
Mükafatlandırma mərasimində Azərbaycan prezidenti İlham Əliyev də onu təbrik etdi. Mərasimdən sonra o, final görüşü başa çatarkən, məhrum edildiyi bir sevinc payını da azarkeşlərlə bölüşdü - Azərbaycan bayrağı ilə salonda dövrə vurdu. Bu da bir azərbaycanlı inadkarlığının nümunəsi.
Finaldan sonra da Elnur bir an içində - özü də hələ dərk qələbənin nə olduğunu dərk etmədiyi qətiyyət, səmimiyyət zirvəsinə çıxdı - bu ana «ülviyyət zirvəsi» deyirlər. Hər şeyin unudulduğu hisslərin bakirəlik anı.
Belə oldu, «ülviyyət zirvəsi»nə 13 saniyəlik yol.
Amma qarşıda hələ nələr var. Bu ölkəyə cüdonun dünya tacı gətirilməyib; dalbadal iki olimpiya qızılı gətirilməyib və s. Belə zirvələri istədiyiniz qədər sadalamaq olar.
Amma bunun üçün alacağı mükafat, qazandığı şöhrət onun başını gicəlləndirməməlidir.
Çünki tarix və bu dünyanın nizam-intizamlı quruluşu belə səhvləri bağışlamır.
Elnur unutmamalıdır onun üçün yüksəlmiş bayraq bir daha enməməlidir. Elə özü də deyib axı:
- Mənim üçün zəhmət çəkib qalib gəldiyim döyüşlərin mükafatı kimi öz dövlət himnimizə qulaq asmaqdan böyük zövq yoxdur.


 

Digər xəbərlər