Rüstəm Orucov məsləhətlər verdi

Rüstəm Orucov məsləhətlər verdi
Digər, Cüdo
08 May 2023 - 17:33
"Atletlər Komissiyasına üzvü olmaq, cüdonun davamlı böyüməsinə və inkişafına töhfə vermək fürsətinə malik olduğum üçün fəxr edirəm".

Supersport.Az xəbər verir ki, Azərbaycan idmançısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin Atletlər Komissiyasına üzvü olması barədə qurumun rəsmi saytına açıqlamasında belə deyib.

Təcrübəli cüdoçu digər bacarıqlı idmançılarla əməkdaşlıq etməyə, onların şəraitini yaxşılaşdırmaq və cüdonun inkişafına dəstək olmaq üçün öz fikir və tövsiyələrini təqdim etməyə hazır olduğunu bildirib.

Göygöldə keçirilmiş Avropa Kuboku barədə də açıqlama verən Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, bu cür yarışların bölgədə cüdonun inkişafına kömək etdiyini söyləyib: "İlk dəfə olaraq Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Göygöldə 18 ölkənin iştirak etdiyi beynəlxalq turnir təşkil olunub. Bölgədə bu cür yarışın keçirilməsi paytaxt Bakı ilə müqayisədə müəyyən çətinliklər yaratsa da, cüdonun potensialını beynəlxalq arenada nümayiş etdirəcək".

Çempion, gənc idmançıların karyerasında Göygöl Avropa Kuboku kimi beynəlxalq turnirlərin əhəmiyyətindən də danışaraq, yeniyetmə vaxtlarında belə  turnirlərdə iştirak etdiyini və heç də həmişə uğur qazanmadığını etiraf edib. Bununla belə, Orucov heç vaxt motivasiyasını itirmədiyini və daha çox çalışdığını vurğulayıb.

O, gənc idmançıları heç vaxt arzularından əl çəkməməyi və məqsədlərinə doğru yorulmadan irəliləməyi tövsiyə edib.

Digər xəbərlər