Ağasəlim Mircavadov: “Neftçi” - “Qəbələ” finalında şanslar bərabərdir, burda məşqçi işi bilinəcək”

Ağasəlim Mircavadov: “Neftçi” - “Qəbələ” finalında şanslar bərabərdir, burda məşqçi işi bilinəcək”
Futbol, Eksklüziv
28 Aprel 2023 - 15:37

Supersport.Az-a açıqlamasında əməkdar məşqçi Ağasəlim Mircavadov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunlarını şərh edib.


“Turan”nın gücü çatmadı”


Təcrübəli mütəxəssis, əvvəlcə “Neftçi”nin “Turan Tovuz”la qarşılaşmaları haqda fikirlərini bölüşüb.


“Turan”, “Səbail” klubunun rəhbərliyinə də təşəkkür edirəm ki, çox yaxşı ajiotaj yaratdılar. Çox həyəcanlı matçlar oldu. “Neftçi” Tovuzda zəif oynadı, o qədər də istəkli deyildi. “Turan” böyük istəkli olduğundan qalib gəldi. Ancaq ikinci oyunda Tovuz klubunun gücü çatmadı. Belə matçlarda komandanın liderlərinin oyunu çox məsələləri həll edir. “Neftçi”nin kapitanı Emin Mahmudovun oyunu yüksək səviyyədə oldu. İstək, komandasını arxasınca aparmaq, qol vurmaq baxımından sözünü dedi. Emin bir daha aparıcı futbolçu olduğunu göstərdi. “Turan”da belə oyunçular yoxdur. Olsaydı, Tovuz komandası oyunu udacaqdı. Həlledici matçlarda futbolçuların səviyyəsi özünü göstərir. Cavab oyunu çox istəkli, maraqlı və həyəcanlı oldu. Azarkeşlər üçün də əla idi. Güclü qalib gəlib finala çıxdı”.


”Qəbələ” finalda oynamağa layiqdir”


Əməkdar məşqçi, “Qəbələ”nin finala layiq olduğunu söyləyib.


“Səbail”lə “Qəbələ”nin Qəbələdəki oyununu canlı izləmişdim. Paytaxt klubu səfərdəki kimi cavab matçında oynasaydı, rəqibinə həddindən artıq ağır olacaqdı. Bəli, “Səbail”ə ilk oyunda uduzduğu üçün çətin idi. Ancaq “Qəbələ”yə asan. Qəbələ komandası birinci matda qələbə qazandığından üstün idi və cavab qarşılaşmasında öz oyununu nümayiş etdirib qalib gəldi. “Səbail” də yaxşı oynasa da, səviyyə işini gördü”.


“Şöhrət” ordenli mütəxəssis hesab edir ki, “Neftçi” - “Qəbələ” finalında şanslar bərabərdir:


“İyunun 3-də “Neftçi” - “Qəbələ” finalı daha maraqlı olacaq. Paytaxt klubu qalib gəlsə, Avropa yarışına ölkəmizdən çempionatda 4-cü yeri tutan komanda da vəsiqə qazanacaq. “Qəbələ” premyer liqada istədiyi pilləni təmin etməyib, üstünlüyü yoxdur. “Zirə” də 4-cü yer üçün mübarizə aparır. Ümumiyyətlə, Avropaya getməyin asan, qısa yolu kubok yarışından keçir və sonadək oynamaq lazımdır. Final çox gərgin, maraqlı və həyəcanlı keçəcək. Həlledici qarşılaşmada heç kimə üstünlük vermirəm, qəti proqnoz verə bilmərəm. Düşünürəm ki, şanslar 50/50-dir. “Qəbələ”nin oyun üslubu var, istəyi güclüdür. “Neftçi”də yüksək oyun olmasa da, aparıcı oyunçuya sahibdir. Final üçün bir məqamı da xüsusi bildirim ki, burda məşqçilərin işi bilinəcək. Çünki çempionat tez qurtarır, səhv etmirəmsə, 10 gün fasilə olacaq. Oyunçuların formasını, motivasiyasını, istəyini və fiziki durumunu eyni səviyyədə saxlamaq üçün məşqçinin işi lazımdır. Kim bu baxımdan hazır olsa, kuboku qazanacaq”.

Digər xəbərlər