Hacı Əliyevlə Əliabbas Rzazadə dünya reytinqində irəlilədi

Hacı Əliyevlə Əliabbas Rzazadə dünya reytinqində irəlilədi
Digər, Eksklüziv, Güləş
27 Aprel 2023 - 23:17
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa çempionatında uğurlu çıxış edən Azərbaycanın bəzi pəhləvanları dünya reytinqində irəliləyiblər.

Dünya Güləş Birliyinin (UWW) yeni siyahısında sərbəst güləş üzrə Avropa çempionumuz Əliabbas Rzazadə (57 kq) 28400 xalla 10-cu pillədən 6-ya yüksəlib. Bu çəkidə Albaniyanı təmsil edən Zelimxan Abakarov birincidir (45000 xal).

Hacı Əliyev 70 kq çəki dərəcəsində yarışda dördqat Avropa çempionu olaraq 19400 xalla 31-ci pillədən 11-ə qalxıb. O, 65 kq-da 25000 xalla 6-cı pillədən 8-ə geriləyib ki, bu da gözləniləndir. Çünki Hacı son dəfə 70 kq-da mübarizə aparıb. Əli Rəhimzadə 65 kq-da 20200 xalla 23-dən 14-cü pilləyə qalxıb.

74 kq-da Cəbrayıl Qadjiyev (19200 xal) 22-ci yerdən 11-ə irəliləyib.

Səbuhi Əmiraslanov (10000 xal) 79 kq çəkidə siyahıda 22-ci pillədə qalıb.

Avropa çempionatının bürünc medalçısı Abubakr Abakarov (86 kq) 27500 xalla 13-cü sıradan 8-ə qalxıb.

 Qitə yarışının gümüş mükafatçısı Osman Nurmaqomedovla (92 kq, 44200 xal) 4-cü pilləni 3-ə dəyişib.


Avropa çempionatının digər gümüş mükafatçısı Maqomedxan Maqomedov (97 kq) 50200 xalla 4-cü yerdə qalıb.  Azərbaycanın güləşçisi, Macarıstanı təmsil edən, 3-cü pillədəki Vladislav Batsayevə (50500 xal) çox yaxınlaşıb.

Avropada 10 qat çempion Taha Akgül 69000 xalla ən ağır çəkidə birincidir. Azərbaycana qitə yarışında bürücn medal qazandıran Georgi Meşvildişvili (125 kq) 18900 xalla 18-ci yerdən 11-ə qalxıb.

Xatırladaq ki, sərbəst güləş üzrə milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Bu nəticələrlə Azərbaycan 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub.  Bu, sərbəst güləş üzrə yığmamızın ardıcıl 2-ci, ümumilikdə isə 4-cü Avropa çempionluğu olub.

Digər xəbərlər