Faiq Qarayev voleybolun vəziyyətinə qiymət verdi, qalib komandalar mükafatlandırıldı-Video

Faiq Qarayev voleybolun vəziyyətinə qiymət verdi, qalib komandalar mükafatlandırıldı-Video
Digər, Voleybol, Video
22 Aprel 2023 - 09:09
Supersport.Az Voleybol Mərkəzində ölkə çempionatının son matçlarının ardından keçirilən mükafatlandırma mərasimini videogörüntüyə alıb.


Yüksək Liqada kişi komandalar arasında "Neftçi" üçüncülük mübarizəsində son görüşdə də MOİK klubuna qalib gələrək bürünc medala sahib çıxıb. "Murov" isə finalın son qarşılaşmasında "Xarı bülbül" klubunu məğlub edərək çempion adını qazanıb.

Oyunlardan sonra mükafatlandırma və çempionatın bağlanış mərasimi baş tutub. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidentləri - Faiq Qarayev, Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri Günay Salamova, Elqar Bağırov, İlqar Nuriyev, AVF nəzarət təftiş komissiyasının sədri Nazim Axundov iştirak ediblər.

Faiq Qarayev çıxışı zamanı müəyyən səbəblərdən tədbirdə iştirak edə bilməyən AVF-nin prezidenti Şahin Bağırovun salamını və təbriklərini çatdırıb. F.Qarayev bəzi çətinliklərə baxmayaraq, çempionatın yüksək səviyyədə keçirildiyini deyib. O, mövsümün əvvəlindən sonunadək birinciliyin təşkilində əməyi keçən hər kəsə, federasiyasının bütün əməkdaşlarına, eləcə də oyunları işıqlandıran media nümayəndələrinə və voleybolçulara hər zaman dəstək olan azarkeşlərə təşəkkürünü bildirib.

Vitse-prezident bu il çempionatda yeni klubun - "Xarı bülbül" klubunun iştirak etdiyini, debüt ilində fəxri kürsüyə yüksəldiyini deyib, komandanın prezidenti Fatimə Hacıyeva başda olmaqla bütün kollektivini təbrik edib. O, növbəti mövsümlərdə də yeni klubların yaranacağına, ölkə birinciliyində daha çox komandanın iştirak edəcəyinə ümidini bildirib. Faiq Qarayev qalibləri bir daha təbrik edib, qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Medalları, diplomları və kubokları vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və AVF-nin rəsmiləri təqdim ediblər.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ölkə çempionatı bağlı elan olunub.

Digər xəbərlər