Millimiz dünya çempionatına qardaş ölkədə hazırlaşır

Digər, Cüdo
05 Aprel 2023 - 14:49
Azərbaycan cüdoçuları aprelin 3-dən başlayaraq 8-ə qədər Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Hazırlıq prosesinə İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox idmançı qatılıb.
Supersport.Az-a Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, təlim-məşq toplanışına Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 23 üzvü və gənclərdən ibarət milli yığma komandasının 14 üzvü iştirak edir.
Milliyə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qatarın paytaxtı Dohada baş tutacaq böyüklər arasında Dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.