Bakıda "Böyük Dəbilqə" turnirinin mükafat fondu, iştirakçıların sayı

Bakıda "Böyük Dəbilqə" turnirinin mükafat fondu, iştirakçıların sayı
Digər, Cüdo
03 Noyabr 2022 - 17:35

Supersport.Az-ın məlumatına görə, noyabrın 4-də Bakıda başlayacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. Tədbirdə Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmiləri iştirak ediblər.



Mərasimin əvvəlində BCF-in təhsil və kouçinq direktoru Mohamed Meridja BCF-in prezidenti Marius Vizerin adından bütün iştirakçıları salamlayıb. M. Meridja tədbirin təşkilində göstərdiyi səylərə görə ACF-ə minnətdarlığını bildirərək, turnirin yüksək səviyyədə keçəcəyini əminliklə vurğulayıb.



Daha sonra, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva qonaqları salamlayıb və bildirib ki, Azərbaycan artıq prestijli turnirlərə ev sahibliyi edən ölkə kimi tanınır. Onun sözlərinə görə, "Böyük Dəbilqə" turniri Paris 2024 Olimpiya oyunlarına lisenziyalı xalları qazandırmaq baxımından çox vacib turnir hesab olunur.



BCF-in hakimlərinin baş direktoru Daniel Laskau bildirib ki, BCF-in hakimlər komitəsi tərəfindən sizlərə əminliklə deyə bilərik ki, turnir ədalətli və cüdo qaydalarına uyğun keçəcəkdir.



Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu BCF-ə, Azərbaycan Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə təşəkkür edib və bütün dünyadan yeni istedadlarla yanaşı ən reytinqli idmançıların turnirə qatılmasını qürurverici hal kimi qiymətləndirib. O, deyib ki, ACF Beynəlxalq Cüdo Federasiya ilə birgə turnirə yüksək səviyyədə hazırlaşıb və yarışı beynəlxalq standartlara uyğun keçirəcək.



Mərasim zamanı BCF-in tədbirlər direktoru Lisa Allan Bakı Böyük Dəbilqə turniri haqqında məlumat verib və püşk atma mərasiminə start verilib.

Qeyd edək ki, 154 min dollar mükafat fondu olan turnirdə 61 ölkədən 400 yaxın idmançı iştirak edəcək. Azərbaycan milli yığması isə turnirdə 37 idmançı ilə təmsil olunacaq.

Digər xəbərlər