Supersport.Az – 40 min!

Supersport.Az – 40 min!
Futbol, Tribuna
01 Noyabr 2022 - 23:00
VİCDANLI, ƏDALƏTLİ, PEŞƏKAR OLUN!

Supersport.Az saytı 14 ildir fəaliyyət göstərir. Bu müddətdə ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını yüksək səviyyədə təqdim etməyə çalışmışıq.

Supersport.Az Azərbaycan Mətbuat Şurasının üzvüdür. Maddi çətinlik olsa da, ölkəmizin beynəlxalq miqyasda maksimum dərəcədə təbliğinə cəhd edirik.

Saytımızın fəaliyyətinin məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları portalımızın məlumatları və videogörüntülərindən faydalanır.

Supersport.Az-ın internet (youtube) kanalının abunəçilərinin sayı artıq 40 mini keçib, 17 milyona yaxın baxış olub. Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediası saytımızın videogörüntülərindən istifadə edib. “Qarabağ” Futbol Klubuna kanalımızda 12 milyon baxış olub.

Azərbaycan pəhləvanı Elman Muxtarovun erməni Roman Amonyanı çökdürməsi videosu 2 milyon 300 mindən çox izlənilib.

Ölkəmizə faydalı olması üçün hətta videoçəkilişlərimiz UEFA-ya da göndərilib.

Supersport.Az dünyanın məşhur media orqanlarının olduğu beynəlxalq yarışlardan fotoreportajlar, videogörüntülər təqdim edir.

Polşada olan Avropa təmsilçimiz Vüsal Şirəliyev ötən mövsüm Çempionlar Liqasında "Benfika" - "Liverpul" matçından, Konfrans Liqasının "Roma" - "Feyenoord" finalından, bu sezon Çempionlar Liqasında "Qarabağ"ın səfərdə "Lex Poznan"la, "Ferentsvaroş", "Viktoriya" ilə qarşılaşmalarından, həmçinin Avroliqada "Frayburq"la oyunlarından fotoreportajlar hazırlayıb. V.Şirəliyev Çempionlar Liqasının qrup yarışında Varşavada keçirilən "Şaxtyor" – "Real Madrid" qarşılaşmasından şəkillər təqdim edib. Avropa təmsilçimiz, noyabrın 2-də Polşada baş tutacaq Çempionlar Liqasının "Şaxtyor" – "Leypsiq" matçından da fotoreportaj hazırlayacaq.

Supersport.Az-ın bəzi yazıları, eksklüziv videogörüntülərindən ölkəmizin mətbuat nümayəndələri istifadə etdikdə bəzən mənbəyə istinad etməyi özünə sığışdırmırlar. Bir müddət əvvəl Qurban Qurbanovun prezident İlham Əliyevin "Qarabağ"la bağlı paylaşımına reaksiyasını Supersport.Az eksklüziv olaraq canlı təqdim etsə də, videogörüntümüz bizə istinad olunmadan sosial şəbəkələrdə, saytlarda yayıldı. Bəzi plagiatlar, materiallarımızdan belə yolla faydalanaraq populyarlaşmağa, qazanıclarını artırmağa çalışırlar.

Vicdanlı, ədalətli, peşəkar olun!

Digər xəbərlər