Video - "Neftçi"ylə oyunu düşünmürük" - Qurban Qurbanov

Video - "Neftçi"ylə oyunu düşünmürük" - Qurban Qurbanov
Futbol, Video
18 Sentyabr 2022 - 22:44


"Qarabağ" Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda səfərdə "Zirə"ni 7:1 hesabı ilə məğlub edib.

Supersport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavabandırıb:

- Öncə futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olmağımıza baxmayaraq, futbolçular dayanmırdılar, sürəti artırırdılar. Bu, çox vacib hallardan biridir. Neçə vaxtdır sıx qrafikdə idik. Amma ümumən bu, hiss olunmadı. Sıx qrafikdə çox əziyyət çəkdilər, sona qədər çətinliklərə dözürlər.


- Musa Qurbanlı çempionatın bombardiridir, milli komanda üçün hazırdır. Siz bu haqda nə düşünürsünüz?

- Musa hələ "Qarabağ" üçün tam hazır olmalıdır, sonra milli üçün. Milli barədə mən fikir bildirə bilmərəm. Çünki, yığmanın öz idarəediciləri var.

- Filip Ozibiçdən sonra yerli bazardan "Qarabağ"a transferlər olmur. Digər klublarda sizin bəyəndiyiniz futbolçular var?

- Hər futbolçunun öz müqaviləsi var. O vaxt belə şans əlimizə düşdü. Ümumən yerli çempionatın futbolçularını da izləyirik. Bəyəndiyimiz futbolçular da var. Amma dediyim kimi hər birinin müqaviləsi var. Hansısa futbolçu haqda fikir bildirsəm, düzgün çıxmaz. Amma nəzarətimizdədir.

- "Zirə"yə 7 qol vurdunuz. Bunu "Neftçi"hə ismarış kimi dəyərləndirmək olar?

- Yox. Biz ümumiyyətlə "Neftçi" barədə düşünmürük. Futbolçularımızı oyundan-oyuna daha yaxşı hazırlamaq haqda düşünürük. Çünki, "Neftçi" ilə matça xeyli vaxtımız var. Əfsuslar olsun ki, "Neftçi" ilə oyun ərəfəsində futbolçular əlimizdə olmayacaqlar, onları tam hazırlaya bilməyəcəyik. Milli komandalardan dönəndən sonra ümumi hazırlıqları ilə tam yaxından maraqlanıb, sonra düşünəcəyik. Bu oyunun o oyuna heç bir aidiyyatı yoxdur.

- Musa Qurbanlı əlinə düşən 4 fürsətin hamısından yararlandı. Tam hazır olması üçün daha nə etməlidir?

- Futbolda qol vuran oyunçuya maraq həddən çox olur, onun haqda müsbət fikirlər yaranır. Musanın 4 qol vurmağı o demək deyil ki, o, tam hazırdır. Dəfələrlə demişəm ki, mənim üçün vacib olan sabit göstəricilərdir. Bu, çox vacibdir. Bunun üçün mərhələlər var. Bu mərhələlərin hamısını keçmək lazımdır. Çempionat oyunu, Avroliqa oyunu var. Bunlar hamısı mərhələlərdir. Ümumən gündən-günə inkişaf varsa, demək ki, yaxşılığa doğru gedir. Tək Musa yox, Toral, Elvin və digər oyunçuların da tam hazır olub, təcrübəlilərin sırasına qoşulmasını istəyirik. Musanın etməli olduğu çox şey var. Öz üzərində çox işləməlidir. Biz də məşqçilər olaraq hər futbolçunun idman formasını daha da yaxşılaşdırmasına çalışacağıq.
- "Nant"la matçdan sonra hamı gözləyirdi ki, "Qarabag" bu gün yorğun olacaq. Amma bu gün tam əksini gördük. Bunun sirri nədir?

-  Avrokubok matçlarından sonra bütün oyunlarda biz rotasiyalara əl atmışıq. Bu gün də etdik və çox da uğurlu alındı. Bu, mənə inam verir. Görünür ki, meydana çıxan futbolçular yaxşı motivasiya olmuşdular. Az oynayan oyunçular gözləyirlər ki, özlərini göstərsinlər. Mən buna ancaq sevinirəm. Mən futbolçuların yorğunluə haqda çox düşünmələrini istəmirəm. Amma bəzən bu, qaçılmazdır. İnsan robot deyil. Ümumən bu mikrotsikldə komanda heç də pis performans göstərmədi.
- Milli komandaların oyunu "Qarabağ"a mənfi təsir edə bilər?

- Neqativ yanaşmayaq, pozitiv düşünək. Bəzi oyunçular var ki, onlara istirahət vacibdir. Əlimdə 3-4 oyunçu qalır, onlar istirahət edə biləcək. Amma digər futbolçular yenə üç gün içində iki oyun oynayacaqlar. Millidən dönəndən sonra yenə sıx qrafik başlayır. Çox istərdim ki, futbolçular 10 gün bir yerdə olsun. Amma edəcək bir şey yoxdur.
- Kadiyə etirazınız oldu. Kobud oyuna görə idi?

- Söhbət kobudluqdan getmirdi, çox kobud oynamamışdı. Kart almaq üçün getmişdi, ona görə. Əsəblərini qoruya bilməmişdi. Bəli, sərt mübarizə idi. Sanki nəyisə göstərmək istəyirdi. Mənə nəyisə göstərmək lazım deyil. Elə oyunçular var ki, rəqibi qıcıqlandırıb, sarı vərəqə aldırırlar. Buna hirslənmişdim. İnanıram ki, qarşıdakı oyunlarda əsəblərini qoruyub saxlaya biləcək.
- Qış transfer pəncərəsi üçün hücum xəttinə oyunçu axtarırsız?

- Bizdə baxış daima gedir. Bütün çempionatlarda futbolçular var, onları daim izləyirik. Nə vaxt alınacaq, onda istifadə edəcəyik. Ozobiçlə bağlı üç il əvvəl əlimizə şans düşdü, ondan istifadə etdik. Qarşıda belə imkan olsa, mütləq istifadə edəcəyik.
- Bu gün ən çox bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar hansılar idi?

- Bəyənmədiyim bir dənə Kadinin epizodu oldu. Komandada mənim tərəfimdən bəyənilməyəcək bir şey yox idi. Ümumən razı qaldım.

Digər xəbərlər