Karateçilərimizdən yüksək nəticə

Karateçilərimizdən yüksək nəticə
Karate, Digər
04 Sentyabr 2022 - 17:47
Azərbaycan təmsilçiləri Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində uğurlu çıxış ediblər.

Supersport.Az xəbər verir ki, 58 ölkədən 348 idmançının medallar uğrunda mübarizə apardığı yarışda respublikamız qızıl, 3 bürünc medal qazanıb.

Turnirdə 67 kiloqram çəkidə mübarizə aparan Tural Ağalarzadə bürünc medal uğrunda döyüşdə yaponiyalı Hiroki Nakanoya qalib gəlib.

84 kiloqram çəkidə Turqut Həsənov üçüncü yer uğrunda iranlı Zabiola Purşabı məğlub edib. Digər təmsilçimiz Murad Hacızadənin (+84 kq) rəqibi Gürcüstan idmançısı Qoqita Arkaniya zədəli olduğu üçün görüşə çıxmayıb və karateçimiz bürünc medal əldə edib.

Yığmamızın 3 üzvü qızıl medal uğrunda yarışıb. Əvvəlcə Əminağa Quliyev (60 kq) misirli Karim Abueitaya qalib gələrək birinci olub. Ardından İrina Zaretska (68 kq) İtaliya karateçisi Silviya Semerarodan güclü olduğunu göstərib. Asiman Qurbanlı (+84 kq) isə misirli Mahmud Tahadan üstün olaraq birinci yeri tutub.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri Bakıda ilk dəfə təşkil olunub. Turnirin iştirakçıları arasında Olimpiya, dünya, qitə çempionları və mükafatçıları olub.

Digər xəbərlər