"Həmişə Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa çalışacağam"

"Həmişə Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa çalışacağam"
Digər, Üzgüçülük
12 İyul 2022 - 11:47
Supersport.Az-ın məlumatına görə, 5-10 iyul tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində üzgüçülük üzrə Gənclərin Avropa çempionatına qatılan milli komanda dünən axşam saatlarında vətənə dönüb.

Bu yarışda Azərbaycanı 3 idmançımız, Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edirdi. Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə Gənclərin Avropa Çempionatında Ramil Vəlizadə 200 metr batterflyay üsulunda 35 idmançı arasında bürünc medal qazanıb. Bu gün Heydər Əliyev adına Beynəlxalq Aeroportunda milli komandanı Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmiləri, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi, idmançıların yaxınları və idmansevərlər qarşılayıblar. Azərbaycan üzgüçülük tarixində bir ilkə imza ataraq Avropa çempionatında bürünc medal qazanan Ramil Vəlizadə isti qarşılanmaya görə hər kəsə öz minnətdarlığını bildirib:

"Mən çox sevinirəm ki, belə bir vacib turnirdə 3-cü yer qazanaraq bürünc medal qazana bildim. Bu qələbə uzun illərdir məşqçilərimin və mənim birgə gərgin çalışmalarımızın nəticəsidir. Biz idmançılara göstərdiyi diqqətə və yaradılan münbit şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə, 1-ci vitse prezident Mehriban xanım Əliyevaya, başda Fərid Qayıbov olmaqla Gənclər və İdman Nazirliyinə, başda Xanlar Fətiyev olmaqla Azərbaycan Üzgüçülük Federasiyasına öz minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bundan sonra da var gücümüzlə çalışaraq beynəlxalq arenada Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa çalışacağam".

Üzgüçülük üzrə milli komandanın baş məçqçisi Rəşad Əbürrəhmanov yetirməsinin belə bir mötəbər turnirdə bürünc medal qazandığı üçün çox xoşbəxt olduğunu söyləyib:

"Bütün üzgüçülərimiz, milli komanda yarışlara böyük həvəslə hazırlaşırıq. Lazım olan bütün şərait yaradılıb. Mütəmadi olaraq təlim məşq toplanışlarında iştirak edirik, beynəlxalq turnirlərə qatılırıq. Əlbəttə bunlar hər biri idmançılarımızın təcrübələrinin, peşəkarlıqlarının artmasında yardımçı olur. Həm nazirlik, həm də federasiya üzgüçülərimizə lazımi dəstəyi göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə üzgüçülük günü gündən inkişaf edir. Ramil Vəlizadənin və digər üzgüçülərimizin beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələr bunu deməyə əsas verir".

 

 

Digər xəbərlər