Qarabağın Azərbaycanlı İcması rəhbəri Tural Gəncəliyev Şuşa klubuna dəstək verdi - Video

Qarabağın Azərbaycanlı İcması rəhbəri Tural Gəncəliyev Şuşa klubuna dəstək verdi - Video
Futbol, Eksklüziv, Video
27 Oktyabr 2021 - 23:00
NADİR QASIMOV: "İLHAM ƏLİYEV BİZİ ALQIŞLAYIRDI"



Supersport.Az "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri, millət vəkili Tural Gəncəliyevin "Şuşa Qalası" Futbol Klubunun rəhbərliyini qəbul etdiyi görüşü videogörüntüyə alıb.


Azərbaycanın əməkdar məşqçisi, Şuşa təmsilçisinin təsisçilərindən biri, baş məşqçisi Nadir Qasımov Şuşanı da erməni işğalından azad edən ordumuzla qürur duyduqlarını, klubun yenidən bərpasının, dəstək verilməsinin, birinci divizonda iştirakının labüd olduğunu, azərbaycanlı biznesmen, dünya səviyyəli ixtiraçı Sirus Paledinin komandaya sponsorluq etmək istədiyini söyləyib.

Təcrübəli mütəxəssis, vaxtilə də İlham Əliyevin futbola böyük diqqət etdiyini xatırladıb:

"Vaxtilə hazırki prezidentimiz İlham Əliyev futbola böyük maraq göstərirdi, əksər oyunlara gəlirdi, bizə də azarkeşlik edirdi. O, yeniyetmə yaşlarında "Avtomobilçi"nin uğurlu çıxışları zamanı komandamızı alqışlayırdı. Mən də qol vuranda xüsusi dəstək verirdi". 

Tanınmış məşqçi, 2009-cu ildə klubun qurulduğunu, AFFA-nın maliyyə dəstəyilə 6 il birinci divizionda iştirak etdiyini, ancaq sonradan maddi problem səbəbindən Şuşa komandasının dağıldığını yada salıb.

Əməkdar məşqçi, Gənclər və İdman Nazirliyinin Şuşa klubunun fəaliyyətinin bərpasına müsbət yanaşdığını, qurumun idman şöbəsi rəhbəri, olimpiya, ikiqat dünya çempionu Fərid Mansurovla görüşdüyünü, gənclər, idman naziri Fərid Qayıbovun komanda rəhbərliyini qəbul edəcəyinə ümidvar olduğunu vurğulayıb.

"Şuşa Qalası"nın digər təsisçisi Azəri Hüseynov Şuşa klubuna köməyin vacibliyinə diqqət çəkib.

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri, millət vəkili Tural Gəncəliyev dövlətin idman sahəsinə də xüsusi diqqət yetirdiyini, Şuşanın futbol komandasının da ölkədaxili yarışda iştirakının mühüm olduğunu qeyd edib. Deputat, klubun fəaliyyətini yenidən bərpa etmək üçün əlindən gələni edəcəyinə söz verib.

Digər xəbərlər