Qurban Qurbanov: "Hər oyun qalib gəlsələr, hamısından razı qalacağam" - Video

Qurban Qurbanov: "Hər oyun qalib gəlsələr, hamısından razı qalacağam" - Video
Futbol, Video
22 Oktyabr 2021 - 10:17
Supersport.Az UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda Qazaxıstanın "Kayrat" klubuna 2:1 hesabı ilə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransında fikirlərini videogörüntüyə alıb.


- Futbolçuları təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Fikizi cəhətdən də, standart vəziyyətlərdə də bizə çətinlik yaratdılar. İlk hissədə çox yaxşı pressinq edirdilər, hücumlara tez çıxırdılar. İkinci yarı biz onlara çətinlik yaratdıq. Futbolçular ruhdan düşmədilər, məğlub olmaq istəmirdilər. Əgər qalib gəlmək istəyiriksə, daha istəkli olmalıyıq. Bu istəyi oyunçularda gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirem. Onlar futbolçulara güc verdilər. Çoxdan idi futbolumuzda bele atmosfer olmamışdı.

- 3 oyuna 7 xal. İşin neçə faizini görmüsünüz?

- Qarşıdakı 3 oyun 9 xaldır. 2 səfər oyunumuz var. Bizim üçün heç də asan deyil. 7 xal toplasaq da, rəqiblər bizə çox ciddi yanaşacaqlar. 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Bəlkə də "Omoniya" üzərindəki 4:1 hesablı qələbədən sonra çoxları düşünürdü ki, bu gün rahat qələbə qazanacağıq. Amma əvvəlcə demişdim ki, "Kayrat"ın "Bazel"ə 2:4 hesablı məğlubiyyətinə aldanmaq olmaz. "Kayrat" çox təhlükəli komandadır. Hər 3 xal bizim üçün üstünlükdür. Qarşıdakı üç oyuna daha ciddi hazırlaşmalıyıq. Oyunumuzu daha da yaxşılaşdırıb inamımızı artırmalıyıq. Futbolçular daha da peşəkar olmalıdılar. Qalib gəlmişik deyə, qarşıdakı oyunda məğlub olmaq limitimiz var düşüncəsi olmamalıdır.

- Rəqiblərin sizə qarşı əks hücumda oynaması çətinlik yaradır?

- Yaradır, amma məsuliyyətimizi artıtır. Son vaxtlar tam hücum futbolu oynamaq istəyirik, buna fikir veririk. Amma bəzən rəqibin buna nə qədər imkan verdiyi önəmlidi. Hansı komandalara gücümüz çatacaq, mübarizə aparacağıq, tam deyə bilmərəm. Amma futbolçularım böyüyür, buna sevinirəm.

- "Qarabağ”"70-75 dəqiqə çətinlik çəkdi, ancaq sonlarda oyunu ələ aldınız. Son dəqiqələrdəki qarşılaşmanın "resept"ini deyə bilərsiniz?

- Bəzi komandalar bu tip oyun üslubunu 90 dəqiqə davam etdirə bilmir. Buna görə səbrli olmaq lazımdır. İlk hissədə kənardan oyunçularımıza deyirdim ki, tələsməyin. Qalib gələn komanda adətən müdafiəyəmeyilli oynamağa başlayır. "Resept" odur ki, sona kimi mübarizə aparmalıyıq. Hesaba baxmadan eyni tempi qorumaq istəyirik. Sonradan meydana çıxan futbolçular da özlərini yaxşı tərəfdən göstərdi. Futbolçular özlərinə güvənib, sona kimi hücum etməkdən çəkinmədilər. Əzmkarlıq nəticəsində qələbə bizim oldu.

- Qolları daha çox tənqid olunan futbolçuların vurması sizin üçün xüsusi əhəmiyyəti varmı?

- Hər bir futbolçunun qoluna sevinirəm. Ancaq gizlətməyəcəm, Ramilin qol vurmasına daha çox sevinirəm. Bir insan əziyyət çəkməyi bacarırsa, ona inamım çoxalır. Abbas hücumda daha aktiv ola bilər. Bəzən belə qollar oyunçuya əlavə inam verir. Hər ikisinə sevinirəm, Ramilin qol vurmasına daha çox.

- "Qarabağ" Konfrans Liqasında hansı nəticəni göstərsə, futbolçulardan tam razı qalarsınız?

- Son vaxtlar futbolçulardan daha çox əzmkarlıq tələb edirəm. Bu olan yerdə nəticə də olacaq. Uduzduğumuz matçlarda da özümüzü məğlub kimi göstərməməliyik. Əziyyət çəkirlərsə, onlara inanıramsa, nəticə də tələb edirəm. Hər oyun qalib gəlsələr, hamısından razı qalacağam.

Digər xəbərlər