Şəhid idmançımızın məzarı 28 il sonra ziyarət edildi - Foto

Şəhid idmançımızın məzarı 28 il sonra ziyarət edildi - Foto
Digər
15 May 2021 - 16:11
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın qəhrəman oğlanlarından biri, şəhid Sənan Rüstəmovun məzarını 28 il sonra valideynləri ziyarət edib.

S.Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdamda anadan olub, 1980-cı ildə şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Musiqiyə həvəsi olduğu üçün Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar şöbəsinə sənədlərini verib. Həvəsi olduğu üçün o, idmana da maraq göstərib və Ağdamda tanınmış müəllim, atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşqlərə başlayıb. 1984-cü ildən “Qarabağ bülbülləri” ansamblının ən fəal üzvü olub və 1988-ci ilə kimi ansamblda çalışıb, dəfələrlə müxtəlif konsertlərdə çıxış edib. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qiymətlərlə bitirib. 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq, kişilər arasında sambo üzrə respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib. 1988-ci ilin fevral ayından başlayan milli azadlıq hərəkatına qoşulan S.Rüstəmov hamı kimi gecələr ermənilərlə üzbəüz kəndlərimizdə keşik çəkib. O, 1991-ci ilin may ayında sovet ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Qarabağda ermənilərin fəallaşmasından, onların kəndlərimizə daim quldurcasına hücumlarından narahat olan Sənan, sovet ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlib və Qarabağda xidmət göstərmək, Vətəni qorumaq niyyətində olduqlarını bildirib. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda - Xaçındərbəndə (Xaçınstroy) yerləşən Şirin Mirzəyevin batalyonuna gələrək orada xidmətini davam etdirib.

1992-ci ilin yanvar ayında Sənan Ağdərənin Umudlu kəndində erməni-rus birləşmələrinin güclü hücumu zamanı ayağından yaralanıb. Döyüşdən sonra onu Tərtərə, oradan da Ağdam şəhər xəstəxanasına göndəriblər. 1992-ci il 26 fevral tarixində Xocalı faciəsi zamanı yarasının tam sağalmağını gözləməyərək hərbi hissəyə qayıdaraq yenidən döyüşlərə atılıb. Sənan 1992-ci ilin mart ayında Ş.Mirzəyevin tapşırığı ilə Malıbəyli-Quşçular kəndləri istiqamətindən düşmən qüvvələrinin arxasına keçərək Xankəndində yerləşən N saylı hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürmək məqsədilə keçirilən əməliyyatda kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, kəşfiyyatçılar Əlabbas və Aydınla birlikdə iştirak edib. 1992-ci ilin 4 aprelində Şirin Mirzəyev onu III batalyonun II rotasına komandir təyin edir. Sənan Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla vuruşub.

15 may 1992-ci ildə ermənilərin ələ keçirdiyi Abdal-Gülablı kəndlərinin azad edilməsində xüsusi qəhrəmanlıq göstərən Sənan düşmən tərəfindən vurulan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun pilotu-polkovnik-leytenant Şuvaryovun həyatını xilas edib. Bu döyüşdə həmin istiqamətdə bir neçə dəfə qəhrəmanlıq göstərən Sənan növbəti həmlədə şəhid olub.


Allah məkanın cənnət eləsin.

Digər xəbərlər