Mahir Emreli "Legiya"ya keçir

Mahir Emreli "Legiya"ya keçir
Futbol
04 May 2021 - 13:06
"Qarabağ"ın futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubu ilə razılığa gəlib.

Supersport.Az xəbər verir ki, bu barədə Polşanın "Meczyki" nəşri məlumat yayıb. Tərəflər arasında yaxın vaxtlarda 3 illik müqavilənin imzalanacağı bildirilib.

"Legia.net"in yazdığına görə isə Emreli "Legiya" ilə illik 300 min avro maaş alacağına dair razılaşıb.

Xəbərdə o da qeyd olunub ki, Mahirin Polşa təmsilçisi ilə anlaşmasında "Qarabağ”ın sabiq oyunçusu, 13 il Varşava klubunda çıxış etmiş Yakub Jezniçakın da rolu olub. O, Emrelini bu məsələlərə görə kluba keçməyə inandırıb:

1. Polşada əldə oluna biləcək kuboklar və avrokuboklarda mübarizə.

2. Varşavadakı yüksək səviyyəli yaşayış şəraiti.

3. Maksimum iki mövsümdən sonra yüksək satış potensialı.

4. Yaxşı pul qazanması.

Mahirin "Legiya"nın ən çox qazanan futbolçusu olması real görünmür. Lakin Jezniçak oyunçunu klubda mükafatlar əldə edəcəyinə inandırıb.

Məlumata görə, Emreli artıq Azərbaycandakı işlərini yekunlaşdırır və Polşaya köçmək qərarındadır. Həmçinin qeyd edilir ki, bu transferrin qarşısını yalnız oyunçuya daha yaxşı təklif gəlməsi ala bilər.

Mahirin bu yaxınlarda Rusiyanın "Ural" və Almaniyanın "Union Berlin" klublarından daha sərfəli təkliflər aldığı, lakin onun "Legiya"da oynamaq fikrində olduğu bildirilib.

Qeyd edək ki, millimizin üzvü “Qarabağ”ın illik 500 min dollar maaş olmaqla yeni müqavilə təklifini qəbul etməyib.

Digər xəbərlər