AFFA-nın əcnəbi sədri mütəxəssislərdən şikayətləndi

AFFA-nın əcnəbi sədri mütəxəssislərdən şikayətləndi
Futbol, Eksklüziv, Tribuna
22 Yanvar 2021 - 19:00

FRİTZ STUXLİK XAQANİ MƏMMƏDOVUN TƏNQİDİNƏ SƏRT REAKSİYA VERMƏDİ


Supersport.Az AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlikə suallar ünvanlayıb. 


Avstriyalı mütəxəssis, “Tribuna”da fikirlərini bildirib.


- Cənab Stuxlik, ilk olaraq Azərbaycanda hakim, hakim-inspektorların səviyyəsini necə qiymətləndirirsiniz? Sizi daha çox narahat edən məqamlar hansıdır?

- Bu təkcə mənim fikrim deyil, həm hakim-inspektorlar, həm də futbol ictimaiyyətindən verilən reaksiyalara əsasən, oyun rəsmilərinin daxili liqalarda inkişaf etdiyini görə bilərik. Problemə gəlincə, dünyanın əksər ölkələrində olduğu kimi, yüksək liqadan daha aşağı səviyyəli turnirlərdə böyük tərəqqi yolu keçmək çətindir.

- Sizcə, hakimlərimiz beynəlxalq turnirlərin final mərhələsi oyunlarına niyə təyinat almırlar?

- Nə qədər ki, hakim UEFA-nın Elit kateqoriyasında deyil (hazırda Avropada təxminən 250 beynəlxalq hakimdən yalnız 27 nəfər bu qrupa qoşulub), onun final oyununa təyin olunması mümkünsüzdür. Əliyar Ağayev də Elit qrupuna üzv olmaq istəyən 53 nəfər, birinci dərəcəli hakimdən biridir.

- Bəzi hakim-inspektorlara Azərbaycandakı yarışlarda təyinat verilməməsi nə ilə bağlıdır? Mütəxəssis, hakim-inspektor Şahin Cəfərovun bu mövsüm oyunlardan kənar qalmasının səbəbi nədir?

- Şahin Cəfərov özəl səbəblərə əsasən, hakim-inspektorlar üçün keçirilən müvafiq seminarlara qatılmadı və buna görə hazırda onun təyinatı mümkün deyil.

- FİFA-nın keçmiş referisi Fariz Yusifovun premyer liqanın yalnız bir oyununa hakim-inspektor təyin olunması, digər futbol adamı Ruhulla Kərimovun iki ay qarşılaşmalara göndərilməməsi nəylə əlaqədardır?

- Fariz Yusifovun digər strukturda məsul vəzifədə əsas işi olduğu üçün müvafiq iclaslarda iştirak etmək imkanı olmayıb. Ruhulla Kərimova gəlincə, onun performansı nəzərə alınaraq, hakim-inspektor kimi təyinat almaması barədə Hakimlər Komitəsinin iclasında qərar verilib.

- Əvvəllər hakim-inspektor kimi çalışan Kərim Ağayevin indi AFFA nümayəndəsi olaraq oyunlara göndərilməsi nə ilə bağlıdır?

- Kərim Ağayev özü dəyişiklik imkanı istədi və bu təsdiqləndi.

- Hakimlərin qiymətləndirilməsi zamanı şişirtmələrə yol verilirmi?

- Sözün doğrusu, mən bu sualı tam olaraq anlaya bilmədim.

- Hakim, hakim-inspektorların, AFFA nümayəndələrinin qonorarı artırıla bilərmi?

- Biz hazırda Covid-19 pandemiyasını yaşamaqdayıq - indiki vəziyyətdə ödənişlər barədə müzakirəyə başlamağın uyğun olmadığını düşünürəm.

- AFFA əvvəllər cəzalandırdığı bəzi hakimlərlə hakim-inspektorları geri qaytararaq, oyunlara təyinat verir. Rəhbərlik etdiyiniz komitənin keçmiş sədrlərindən Xaqani Məmmədovla Əli Hüseynovun da yenidən futbola cəlb olunması, qarşılaşmalara göndərilməsi mümkündürmü?

- Biz qarşıdakı illərdə nə olacağını, nələrin baş verəcəyini əvvəlcədən bilmirik.

- Xaqani Məmmədovun sizin fəaliyyətinizi tənqid etməsinə münasibətiniz necədir?

- Müstəqil şəxsdir və fikirlərini səsləndirir.

- Azərbaycan Premyer Liqasının səviyyəsi sizi nə dərəcədə qane edir?

- Mənim hakimlik üzrə mütəxəssis olmağım avtomatik olaraq komandaların və ya oyunçuların səviyyəsini qiymətləndirmək üçün mütəxəssis olduğumu ifadə etmir. Bu sahədə məsul olan və işləyən insanlardan cavab ala bilərsiniz.

- Premyer Liqada VAR, “Qol layn” sistemi tətbiq ediləcəkmi? Bunun üçün nə qədər vəsait tələb olunur?

- Hazırda bunu həyata keçirmək üçün FİFA ilə təmaslarımız davam edir. Covid-19 pandemiyası səbəbiylə beynəlxalq qurum tərəfdən lazımi səfərlər çətin olduğu üçün bu layihə ləngidi. Ancaq bu məsələnin AFFA-nın və mənim hədəflərimdən biri olduğuna əmin ola bilərsiniz.

- Azərbaycanda neçə il fəaliyyətinizi davam etdirmək istəyirsiniz?

- Nə qədər ki, Azərbaycan hakimliyi mənim fəaliyyətimdən bəhrələnə bilər və planlaşdırılan VAR tətbiqi mütləq başa çatanadək.

- Ötən il beynəlxalq yarışlardan birində, sizin hakim-inspektor olduğunuz oyunda hakimlərin etirazı ilə qarşılaşdığınız bildirilir. Bu, doğrudurmu?

- Həqiqətən “onlar”ın kim olduğu və səhv xəbərlərin haradan gəldiyi barədə ətraflı məlumat almaq istərdim. Şayiələr yaymaq yalnız futbola zərər verir. 2020-ci ildə bəzi yarışların ləğv olunmasına baxmayaraq, mən doqquz UEFA oyununa təyinat aldım. Düşünürəm ki, Avropa qurumunun etimadı öz sözünü deyir.

Anar Cəfərsoy

Digər xəbərlər