AFFA-dan koronavirusu məğlub edən jurnalistə dəstək, başsağlığı

AFFA-dan koronavirusu məğlub edən jurnalistə dəstək, başsağlığı
Futbol, Eksklüziv
06 İyun 2020 - 23:49
Dünyanın mübarizə apardığı koronavirusdan şəfa tapan azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy ölkəmizin qurumlarının diqqət mərkəzindədir.

AFFA rəhbərliyinin də Supersport.Az portalının təsisçisi, baş redaktorunu nəzərində saxlaması müsbət qiymətləndirilməlidir.

Futbol qurumu, idman jurnalistinə koronavirusdan dünyasını dəyişən anasına görə başsağlığı verib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının vitse-prezidenti Firuz Abdulla Supersport.Az-ın rəhbəri Anar Cəfərsoya zəng edərək, mərhumənin vəfatından kədərləndiklərini bildirib, Allahdan ona rəhmət, ailəsinə, yaxınlarına səbr diləyib. İdman jurnalistinin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan dünyasını dəyişib.

Ölkənin bir nömrəli futbol qurumunun rəsmisi Firuz Abdulla iki həftəlik müalicənin ardından idman jurnalistinin sağalmasına sevindiyini deyib və tezliklə ona yarışlarda fəaliyyətini davam etdirməyi arzulayıb.

O, AFFA-nın baş redaktora hərtərəfli kömək etməyə hazır olduğunu bildirib.

İdman jurnalisti, futbol qurumunun addımını yüksək qiymətləndirib və buna görə dərin təşəkkür edib.

Məlumat üçün bildirək ki, Supersport.Az-ın baş redaktoruna Gənclər və İdman Nazirliyi, AFFA-yla yanaşı, "Qarabağ", "Neftçi", “Keşlə”, "Sabah", "Zirə", "Sumqayıt", “Səbail”, “Qəbələ” klubları, Peşəkar Futbol Liqası, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Qarabağ”ın direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov, “Neftçi”nin prezidenti Kamran Quliyev, Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev, başqa idman qurumları başsağlığı, həmçinin hərtərəfli dəstək veriblər. “Sabah”ın serb qolkiperi Saşa Stamenkoviç də idman jurnalistini diqqətdə saxlayıb.

 

Digər xəbərlər