“Qarabağ” Ukraynada medallar uğrunda oynaya bilər”

“Qarabağ” Ukraynada medallar uğrunda oynaya bilər”
Futbol
17 May 2020 - 16:46
“Qəbələ”nin və “Astana”nın sabiq baş məşqçisi Roman Qriqorçuk gazeta.ua saytına verdiyi müsahibədə Azərbaycan və Qazaxıstan futbolu barədə fikirlərini bildirib.

Supersport.az xəbər verir ki, o, hər iki ölkədə futbolun inkişafı və populyarlaşdırılması istiqamətində çox iş görüldüyünü söyləyib:

“Amma demək olmaz ki, Azərbaycanda futbol birnömrəli idman növüdür. Ölkədə fərdi növlər, əlbəyəxa idmanlar yaxşı inkişaf edib. Yerli idmançılar beynəlxalq arenada yetərincə uğurlu nəticə göstərib”.

- Azərbaycan və Qazaxıstanda çempionatın səviyyəsi necədir?

- Səviyyəlidir. Əgər “Kayrat”, “Astana”, “Qarabağ”ı götürsək, onların şəraiti idealdır. Onlar Ukraynada medallar uğrunda oynaya bilərlər. Demək olmaz ki, zəif komanda var. Hamısı yaxşı təmin olunub. Komandanı komplekləşdirmək üçün bütün şəraitə malikdirlər. Əgər indiki Ukrayna çempionatı ilə müqayisə etsək, ciddi fərq yoxdur. Yalnız “Şaxtyor” və “Dinamo”nu ayıra bilərəm.

- Qazaxıstan və Azərbaycanda oyun üslubu bənzərdir?

- İndi insanlar futbol haqda çox bilirlər. Primitiv futbol oynayan komanda azdır. Hər bir klub inkişaf etmək istəyir və qarşısına iddialı hədəflər qoyur. Ona görə də futbolun harda zəif olduğundan danışmaq olmaz. Hazırda hər bir komandanın özünün siması, imzası var.

- Ukraynada hava şəraitinə görə qış fəslində futbol olmur. Bu ölkələrdə vəziyyət necədir?

- Azərbaycanın iqlimi Qazaxıstandan fərqlənir. Azərbaycanda müəyyən dövrlər var ki, güclü küləklər əsir. Amma bu, qısamüddətli hadisədir. Futbol planında orada rahatdır. Uzun səyahətlər və uçuşlar yoxdur. Çempionat payız-yaz sistemi üzrə keçirilir. Mövsümlərarası fasilə yayda olur. Komandalar təlim-məşq toplanışı üçün istilərin olmadığı sərin ölkələrə gedirlər. Avrokubokların təsnifat mərhələləri iyul-avqustda oynanılır. Həmin vaxt kifayət qədər ciddi istilər olur. Belə şəraitdə oynamaq çox çətindir. Əvəzində qış mülayim keçir. Çempionat, demək olar ki, yeni ilə kimi davam edir. Sonra isə kiçik fasilə olur və komandalar yenidən öz çıxışlarını bərpa edirlər. Qazaxıstanda isə şərtlər daha çətindir. Böyük ölkədir, hava şəraiti dəyişkən olur. Bəzi yerlər isti, bəzi yerlər soyuqdur. Arada böyük temperatur fərqi olur. Oyunlara ancaq təyyarə ilə getmək lazımdır. Hər komandanın meydançası yaxşı deyil. Ayrı-ayrı klublar süni örtükdə oynayırlar. Bunun isə futbola faydası olmur.

- Yerli komandalara səviyyəli legionerləri dəvət etmək nə dərəcədə alınır?

- Top-futbolçuların transferi çətindir. O, ilk növbədə, hətta maaş az olsa belə, Avropa çempionatlarından gələn təklifi nəzərdən keçirəcək. Üstəgəl uşaq bağçaları və məktəblərlə bağlı fərdi ailə tələbləri də var. Qazaxıstan və Azərbaycanda keyfiyyətli legionerlər oynayır.

Digər xəbərlər