Qurban Qurbanov: "İstəməzdim ki, biz kiməsə qulluq edək" - Video
Futbol, Tribuna, Video
08 Yanvar 2020 - 16:02
Supersport.Az-ın məlumatına görə, AFFA İcraiyyə Komitəsinin üzvü, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün AFFA-nın növbədənkənar konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ" qış fasiləsində məşqə başlayıb. Hazırlıq prosesi necə keçir?
- Artıq dünəndən başlamışıq. Bu gün hamı məşqdə iştirak edəcək. Ayın 12-nə qədər Bakıda olacağıq.
- Riçard Almeydanın gedişi daha çox səs-küyə səbəb oldu. Əsas maddi məsələdə anlaşmadığınız deyilir. Onun konkret nəyə görə komandada qalmadığını deyə bilərsiniz?
- Dəqiqi odur ki, maliyyə məsələsində razılaşmadıq. Təklifimizi etmişik, o da komandada qalmaq istəyir. Həm bizdən bir az vaxt da istədi. Həm yaşına görə, həm ailəsilə məsləhət etməlidir. Hələ ki, Braziliyadadır və məsələ açıq olara qalır.
- Almeydasız "Qarabağ"a çətin olacaq?
- Əlbəttə, neçə illərdir bizimlədir, komandanın əsas oyunçularından biridir. Onun yoxluğunda mütləq başqa variantlara əl atmalıyıq. Çalışmalıyıq ki, yoxluğunu hiss etdirməyək. Almeydanın üstün cəhətləri çox idi. Hər bir halda onun qərarına hörmətlə yanaşırıq. Görək necə olacaq.
- Bu boşluğu qış fasiləsində dolduracaqsız, yoxsa yaya qədər gözləyəcəksiniz?
- Düzü, bu yaxınlarda işimizi maksimum konkretləşdirib qərar vermək istəyirik. Bir neçə futbolçu ilə danışıqlar aparırıq. Ən azından Türkiyəyə gedincə bir qərar qəbul etməyi istəyirik. İndi həll etməyə çalışırıq.
- Emin Mahmudovun "Qarabağa keçidi realdır?
- Xeyr, Emin Mahmudovla danışığımız olmayıb.
- Bəs qapıçı məsələsi nə yerdədir, bir xəbər var?
- Xeyr, bu məsələ ilə bağlı da xəbər yoxdur. Transfer pəncərəsinin bağlanmasına hələ vaxt var. Ona görə futbolçular bir az daha əlverişli variantlara üstünlük vermək istəyirlər. Bu mənada düşünürəm, bəzi oyunçular bizə öz fikirlərini son anda deyəcəklər.
- Maqaye Geye və Asmir Beqoviçin transferini necə dəyərləndirirsiniz? Onların gəlişinin "Qarabağ" üçün uğursuz olduğu fikri ilə razısınız? Həm Geye, həm də Asmir Beqoviç xüsusən Avroliqa oyunlarında komandaya istənilən qədər kömək edə bilmədilər.
- Əgər biz Beqoviçin də transferini uğursuz adlandırırıqsa, deməli, digər futbolçuların üzərinə bir o qədər getməməliyik. İstənilən futbolçu səhv edə, sənin istədiyin effekti verməyə bilər. Futbol indi belə bir oyundur. Transfer etmək asan deyil. Şəxsən mən Beqoviçin oyunundan razı idim. Əlbəttə, çox istərdik ki, onunla Avroliqada qrupdan çıxaq. Bəlkə buna görə uğursuz sayılır. Ancaq hər bir halda fikrimcə, pis transfer deyildi. Geyeyə gəlincə, komandamıza az faydası dəymədi. Lakin daha yaxşı olmasını istəyərdik.
- Qış fasiləsində hücumçu transfer edəcəyiniz gözlənilir?
- Bəli, fikrimiz var.
- Növbəti mövsümdən limitdə dəyişiklik olacağı gözlənilir. Premyer Liqada 7+4, bundan başqa U-21-lə bağlı limitin də ləğv olunacağı deyilir. Bununla bağlı sizin fikriniz necədir?
- Açığı, bu qərar haqda eşitməmişəm, ona görə də düşünməmişəm. Müzakirəyə çıxarılandan sonra fikirlərimizi deyəcəyik.
- Yeni mövsümdən klubların sayının 10-a çatdırılacağı gündəmdir. Sizcə, bu say kifayət edir?
- Hər halda 8-dən yaxşı olacaq. Ən azından 1-2 komandanın artması yaxşıdır.
- Bir zaqatalalı kimi, yeni gələcək klubların arasında "Zaqatala"nın olmaması sizə necə gəlir?
- Normaldır. "Zaqatala" neçə illərdir Premyer Liqada yoxdur. Yenə də olmasa, normal qarşılayacağıq.
- Mahir Emrelinin gedişi mümkündür, buraxmağa hazırsız? Bir də Musa Qurbanlının xaricə gedəcəyi, yaxud Premyer Liqa klublarından hansınasa icarəyə veriləcəyi barədə xəbərlər var.
- Hal-hazırda bizdə olan dəqiq məlumata görə, heç birinə təklif yoxdur (gülür).
- "Qarabağ" uğurlar qazandığı üçün bəzi futbolçularınız öz qiymətlərini qaldırırlar. Sizcə, onlar buna layiqdirlər?
- Normal bir prosesdir. Qaldırırlar deyəndə, bizdə heç kimə klubun imkanlarından artıq pul verilmir.
- Son günlər Rusiya mətbuatında keçmiş SSRİ-nin veteran futbolçuları belə bir təkliflə çıxış ediblər ki, MDB çempionatı keçirsək, yaxşı layihə olar.
- Məncə, bu, qeyri-real söhbətdir. İstəməzdim ki, biz kiməsə qulluq edək. Əksinə, hamımızın fikrinin Azərbaycan futbolunda olmasını istəyərdim. Həmin o maddi yardımlar Azərbaycan futboluna yatırılsa, burada klubların sayı çoxalsa, 7-8 il əvvəl olduğu kimi, yenə də ölkəmizə səviyyə futbolçuların gəlişi təmin olunsa, özümüzdə daha çox maraq yaranar. O veteranların ideyası elədir ki, çempionat bu gün olar, sabah keçirilməyə bilər. Kiməsə güvənib kiminsə bayrağı altında iştirak eliyib bayrağımızı ucalda bilmərik. Əksinə, öz bayrağımız altında öz çempionatımızı keçirək. Qoy, sabah desinlər ki, biz gedək, Azərbaycan Premyer Liqasında iştirak edək. Gücü öz çempionatımıza, yerli futbolçularımıza verməliyik.