AFFA PFL-in ləğvini müzakirə edə bilər - Ramin Musayevin "peşəkarlığı"

AFFA PFL-in ləğvini müzakirə edə bilər - Ramin Musayevin "peşəkarlığı"
Futbol, Eksklüziv, Tribuna, Yazarlar
25 Dekabr 2019 - 01:03
AFFA İcraiyyə Komitəsi son iclasında 8 yanvar 2020-ci ildə növbədənkənar konfransın çağırılması barədə qərar verib.

Ölkənin ali futbol qurumunun vacib iclasda bir sıra köklü dəyişiklik edəcəyi gözlənilir.

Konfransda AFFA-nın futbolumuzun mövcud vəziyyətinin, milli komandanın "Avro-2020"nin seçmə mərhələsində çıxışının, çempionatın səviyyəsinin ciddi müzakirə olunacağı bildirilir.

Növbədənkənar toplantıda Peşəkar Futbol Liqasının fəaliyyəti barədə də danışılacağı haqda xəbər almışıq.

Supersport.Az-a məlumatlı mənbə bildirib ki, hətta AFFA 12 ildir fəaliyyət göstərən PFL-in ləğv olunub-olunmaması məsələsini gündəmə gətirə, fikir mübadiləsi apara bilər. Bir müddət əvvəl ölkənin bir nömrəli futbol qurumunun prezidenti Rövnəq Abdullayev saytımıza açıqlamasında dostu Ramin Musayevin rəhbərlik etdiyi liqanın fəaliyyətinə son qoyulması düşüncəsini müsbət qarşılamayıb. Musayev isə "PFL-i heç kim ləğv edə biməz" deyib.

AFFA-nın mərhum prezidenti Fuad Musayevin başçılığı dövründə ölkədaxili yarışları bu qurum keçirirdi, ilk çempionatdan başlayaraq 26 komanda mübarizə aparırdı.

Hazırda klubların sayının azlığı, rəqabətsizlik futbolumuza ağır zərbələr vurub, milli komandanın bərbad çıxışına səbəb olub. Vaxtilə əksər regionları əhatə edən, 26 komandanın döyüşdüyü ölkə çempionatı, indi 8 klubun ümidinə qalıb, hətta çoxları yarışı paytaxt birinciliyinə bənzədir. Premyer Liqada rəqabətsizlik, istər biznesmenlərin, istərsə də azarkeşlərin marağını "öldürüb". Bəlkə də Azərbaycan çempionatı dünyada sponsorsuz olan yeganə yarışdır. PFL prezidenti Ramin Musayev buna görə jurnalistləri qınamaqla böyük səhv etmişdi. Əslində qurum rəhbəri AFFA-yla yanaşı, özünü də günahlandırmalıdır ki, 8 komandayla irəli getmək müşküldür.

PFL-in başçısı, bütün çətinliklərə rəğmən yarışları yüksək səviyyədə işıqlandıran media nümayəndələrinə təşəkkür etməlidir, onları qınamalı deyil. Şübhəsiz ki, əvvəlcə qumar şirkətinin çempionata sponsorluq etməsinin faydasındansa, zərəri dəydi. Bu halda, kim zəmanət verərdi ki, yarışda danışılmış oyunlar olmayacaq? Sözsüz ki, oyun satanların sayının artmasının əsas günahkarlarından biri qumar şirkətləridir. Bu məqamda AFFA-nın bir müddət əvvəl danışılmış oyunların iştirakçısı olan 28 nəfəri futboldan qovduğunu, hüquq-mühafizə orqanlarının onları sorğu-suala çəkdiyini, bəzilərini həbsxanaya atdığını qeyd etməliyik.

56 yaşlı PFL rəhbəri bugünlərdə daha bir qeyri-peşəkar davranışını göstərdi: premyer liqaya birinci diviziondan gələcək iki komandanın konkret adını çəkməklə ikinci yarışın formal xarakteri daşıdığını təsdiqlədi.

Musayev çox vaxt çempionatı canlı izləmir. Allah şəfa versin, bəlkə səhhətində ciddi problemlə bağlıdır.

Ramin bəyin də zəif fəaliyyəti nəticəsində əksər iş adamlarını çempionatımız maraqlandırmır.

PFL rəhbəri Ramin Musayev, sponsor cəlb etmək baxımından AFFA-nın baş katibi Elxan Məmmədov, "Neftçi"nin prezidenti Kamran Quliyevdən örnək götürməli, bunu onlardan öyrənməlidir.

Mübariz

Digər xəbərlər