Beynəlxalq qurum İranı qovdu

Beynəlxalq qurum İranı qovdu
Digər, Cüdo
22 Oktyabr 2019 - 21:13
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Cüdo Federasiyası İranı sərt cəzalandırıb. İJF qalmaqalla bağlı araşdırma apararaq, bu ölkənin bütün yarışlarda iştirakına qadağa qoyub.

Məsələ burasındadır ki, bir müddət əvvəl dünya idmanında baş verən şok qalmaqal böyük səs-küyə, kəskin narazılığa səbəb olmuşdu.

İranlı Səid Mollayi Yaponiya paytaxtı Tokioda keçirilən dünya çempionatının yarımfinalına vəsiqə qazanandan sonra yəhudi cüdoçuyla qarşılaşmamaq üçün ölkəsindən məğlub olmasıyla bağlı ismarıc almışdı. Bəzi dövlətin mütəxəssisləri ona psixoloji dəstək vermişdi.

İran İsraili ölkə, yəhudiləri xalq kimi tanımır, qəbul etmir və təmsilçilərinin onlarla kontaktda olmasını qəti qadağan etmişdi.

2018-ci ildə 81 kq çəkidə Bakıda dünya çempionu olan cüdoçu, Tokioda titulunu qorumaq üçün çalışsa da, onun bu arzusunu dövləti İran ürəyində qoymuşdu.



Səidə ölkəsindən yarımfinalda uduzaraq finalda isarilli Saqi Mukiyə rəqib olmamaq göstərişi verildiyi, ailəsinə təzyiq edildiyi haqda xəbər yayılmışdı.

İran Olimpiya Komitəsinin prezidenti Seyid Rza Salehi Amirinin cüdoçusuna məğlub olması üçün ismarıc çatdırdığı bildirilirdi.

Cüdoçudan əvvəlcə səkkizdəbir final mərhələsində dayanmaq tələb olunmuşdu. Bu zaman İran və İsrail idmançılarının növbəti mərhələlərdə qarşılaşa biləcəyi gözənilirdi. Lakin Səid Mollayi rejimə qarşı çıxaraq rusiyalı olimpiya çempionu Həsən Xalmurzayevi məğlub edib, dörddəbirdə də qalib gələrək, yarımfinala vəsiqə qazanmışdı. Ancaq İran hökuməti onun istəyini yenidən reallaşdırmağa qadağa qoymuşdu. Buna görə də yarımfinalda Səid Mollayi belçikalı Mattias Kasseyə uduzmalı olmuşdu. Yəhudi Saqi Muki finalda ilk dəfə ölkəsinə cüdo üzrə dünya çempionatında qızıl medal qazandırmışdı.

S.Mollayi açıqlamasında narazılığını bildirmişdi:

"Mən arzumun həyata keçməsi, yenidən dünya çempionu olaraq Olimpiadada mübarizə aparmaq istəsəm də, ölkəmdəki qanunlar səbəbindən bunu edə bilmirəm. Ailəmə görə qorxuram, bilmirəm ki, bununla bağlı necə olacaq. Yarımfinalda cəmi 10 faiz gücümdən istifadə etdim. Mən idmançıyam, siyasətçi deyiləm. Təəssüf ki, İran qanunları mənim sevimli işimlə məşğul olmağıma, mübarizə aparmağa imkan vermir. Mənim seçimim yox idi".

"Mənə qəti şəkildə bildirildi ki, əgər döyüşə çıxsam, ailəmlə bağlı ciddi problem olacaq. Bununla bağlı kömək istəyirəm. İran hökumətindən mənə deyildi ki, rahat evə qayıda bilərsən. Ancaq mən onlara inanmıram. Qorxuram ki, mənə və ailəmə qarşı nəsə etsinlər" deyən iranlı idmançının Yaponiyada dünya çempionatının ardından siyasi sığınacaq almaq üçün Almaniyaya qaçdığı bildirilsə də, cüdoçu bunu təsdiq etməmişdi:

"Bəli, mənim alman vizam var. Bu, işlə bağlıdır. Siyasi sığınacaq istəməmişəm. Almaniyaya bir neçə illik vizam var. Mən bu ölkədə gözləyəcəm və söz-söhbətlərə cavab verəcəm. Ümid edirəm ki, ailəmdə hər şey qaydasında olacaq. Ola bilər ki, İranın adından yarışlarda iştirak etməyəcəyəm. Olimpiadaya qatılsam, Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edəcəyəm. İstənilən halda, mən medal qazansam doğma vətənimə verəcəyəm. Təəssüf ki, başqa bayraq altında yarışmalıyam. Mən uzun illərdir zəhmət çəkirəm ki, qalib olam, məğlub, təslim olmayım".

Dünya çempionatında iranlı təmsilçiyə dəstək verən Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer idmançını sakitləşdirərək, gələcəkdə konflikti həll edəcəyinə söz vermişdi. S.Mollayi buna görə təşəkkürünü bildirmişdi.

Beynəlxalq Olimpiya Komitəsi İran Olimpiya Komitəsindən bu məsələylə bağlı məlumat tələb etmişdi.

Beynəlxalq Cüdo Federasiyası İran qurumunun etik kodeksiylə Olimpiya xartiyasını pozduğunu bəyan edib. İJF İntizam Komissiyası buna görə adıçəkilən ölkəyə ağır cəza verib. Bu dövlətin beynəlxalq cüdo yarışlarında iştirakına qadağa qoyulub. 

İran 21 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) qərarla bağlı şikayət edə bilər.

Digər xəbərlər