Cüdo yığmamızdan uğurlu nəticə

Cüdo yığmamızdan uğurlu nəticə
Digər, Cüdo
12 May 2019 - 21:00
Heydər Əliyev adina İdman Sarayında üç gün davam edən "Böyük dəbilqə" turnirinə yekun vurulub.

Yarışın axırıncı günündə kişilər  90 kq, 100 kq və + 100 kq, qadınlar isə 78 kq, və + 78 kq çəkidə mübarizə aparıb.

Supersport.Az-ın məlumatına görə, son gündə Azərbaycan cüdoçuları daha 3 medala sahib olublar. İdmançılarımızdan Məmmədəli Mehdiyev əzmlə mübarizə apararaq gümüş medala yiyələnib. 90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ardıcıl olaraq Avtandili Tçrikişvili, türkiyəli Mert Şişmanlar, niderlandlı Yesper Smink və macarıstanlı Kristian Tot üzərində qələbə qazanıb və finala yüksəlib. Təmsilçimiz həlledici qarşılaşmada 2017-ci ilin serbiyalı dünya çempionu Nemanya Maydova məğlub olub. Digər cüdoçularımız Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+ 78 kq) isə bürünc medala layiq görülüblər.

Bununla da cüdoçularımızın qazandıqları medalların sayı yeddiyə yüksəlib.

Yarışın əvvəlki günlərində Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) və Telman Vəliyev (73 kq) isə bürünc medal qazanıblar.

Yarışın sonuncu günündə qadınlar arasında Almaniya təmsilçisi Luise Malzax (78 kq) və ukraynalı Yelizaveta Kalanina (+78 kq) qalib olub.

Kişilərdən isə serbiyalı Nemanya Maydov (90 kq), niderlandlı Mixail Korrel (100 kq) və gürcüstanlı Qela Zaalişvili (+ 100 kq) qızıl medal qazanıblar.

Azərbaycan millisi (1 qızıl, 2 gümüş, 4 bürünc) ümumi komanda hesabında Yaponiya və Braziliyadan sonra üçüncü yeri tutub. Mötəbər turnirdə 56 ölkədən 431 (256 kişi, 175 qadın) cüdoçu mübarizə aparıb.

Digər xəbərlər