Azərbaycanda 42 idmançıda dopinq tapılıb

Azərbaycanda 42 idmançıda dopinq tapılıb
Digər, Dopinq
27 Yanvar 2019 - 11:24
Supersport.Az-ın məlumatına görə, ölkəmizin daha üç idmançısında dopinq aşkarlanıb.

Güləşçilərdən Cəlal Süleymanov, Umar İsrailov və velosipedçi Qadir Mustafayev sərt cəzaya məruz qalıb.

Bununla bağlı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qərar verib.

İdmançılardan alınmış nümunələrdə də qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit edilib:

Süleymanov əlavə olaraq, diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə sanksiya ilə üzləşib. Onun orqanizmində oksandrolon metaboliti maddəsi tapılıb və 18 yanvar 2018-ci ildən 96 aylıq – 18 yanvar 2026-cı ilə qədər cəzalanıb.


İsrailovda drostanolon metaboliti maddəsi tapılıb və o, 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası 28 mart 2018-ci ildən hesablanmağa başlanıb.


Mustafayevin də cəzası 48 aydır. Orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanan velosipedçinin cəzası 19 noyabr 2018-ci ildən qüvvəyə minib.

Qeyd edək ki, AMADA 2016-cı ildə təsis olunub. "Təmiz qal" şüarını rəhbər tutan qurum, ötən müddətdə dopinq tapılan 42 idmançıya ağır cəzalar verib.   

Digər xəbərlər