"Neftçi"dən biabırçı addım: şəhidə, azarkeşlərə, mediaya qarşı

"Neftçi"dən biabırçı addım: şəhidə, azarkeşlərə, mediaya qarşı
Futbol, Tribuna, Yazarlar
10 Yanvar 2019 - 19:23
"Neftçi" rəhbərliyi fəaliyyətində bir sıra bağışlanmaz səhvlərə yol verir.

Klub istər vətənpərvərliyə, istər milli dəyərlərə, istərsə də peşəkarlığa zidd hərəkətlə tənqid, qınaq hədəfinə çevrilib.

İlk olaraq klubun bir müddət əvvəl atdığı birabırçı addımdan başlayaq.

Uca Allah şəhidlərə ən böyük qiyməti verərək, "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur" – buyurub.

Şəhidliyin ali dərəcə, yüksək məqam olduğunu çox təəssüf ki, ölkəmizdə anlamayanlar da var.

Qəribədir ki, bir müddət əvvəl "Neftçi" şəhid İsmət Qayıbov adını daşıyan təlim-məşq mərkəzinin ismini dəyişərək "Türk Hava Yolları Futbol Mərkəzi" kimi təqdim etdi. Paytaxt klubu dünyanın ən böyük avia şirkətlərindən biri ilə əməkdaşlığa əsasən, belə rəzil iş gördü.

Əlbəttə ki, "Neftçi" rəsmilərinin bu hərəkəti rüsvayçılıq, böyük hörmətsizlik idi.

Türkiyədə heç bir klub, qurum belə addımı ata bilməzdi. Bu halda ictimaiyyət bunun səbəbkarlarını "topa tutardı".

Əslində türk şirkəti də bu məsələyə həssas yanaşmalıydı. Bilirik ki, qardaş ölkədə həmişə şəhidlərə böyük dəyər verilir, onları hörmətlə anırlar.

Nəyə görə məhz idman qurğusunun adı dəyişdirildi? Başqa yerlərdə reklam olmazdımı? Bununla "Neftçi" rəhbərliyi həm vətənpərvər, şəhid İsmət Qayıbovu yox, maddiyyatı üstün tutduğunu, həm də də milli dəyərlərə qarşı çıxdığını göstərdi. Bu fakt klubun başında dayananların şəhidlik zirvəsinin nə qədər dəyərli, üstün olduğunu dərk etmədiyini ortaya qoyur.

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbov Qarabağ döyüşlərində şücaəti ilə hər zaman ruslar, ermənilərə dərs verirdi. Lakin o da əksər igidlərimiz kimi xəyanətə qurban getdi. 1991-ci ilin 20 noyabrında İsmət Qayıbov Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birlikdə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində həlak oldu. Şəhidimizin məzarı Fəxri Xiyabandadır, adına xatirə lövhəsi asılıb, küçə, park, məktəb fəaliyyət göstərir.

"Ağ-qara"ların "qara işləri" bitmək bilmir. "Neftçi" "Liverpul"un ideyasını oğurlayaraq video təqdim etməklə də özünü biabırçı, gülünc vəziyyətə qoydu.

Rəhbərliyin xalq komandası, flaqman adlandırdığı klub azarkeşlərini küsdürüb. Hətta "Neftçi" yoxlama oyunu keçirərkən fanatlarını haqsız olaraq qarşılaşmaya buraxmayıb.

Hazırda klub rəhbərliyi və azarkeşlər arasında uçurum mövcuddur. Bəzi fanatlar bir müddət əvvəl komandanın oyununu boykot da ediblər.

Nəhayət, son məsələylə bağlı. "Neftçi"nin mediaya da hörmətsizlik etdiyini gördük. Klub rəhbərliyinin bu gün yeni sponsorla müqavilə vaxtı nəzərdə tutulandan 30 dəqiqə gec başladı. Bu da mətbuat nümayəndələrinə saymazlıqdır.

"Neftçi" rəhbərliyi, belə fəaliyyətlə "xalq komandası" olmayacaq.

Mübariz

Digər xəbərlər